May ayının 5-i Heydər Əliyev adına liseydə Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ulu bir Sərkərdə, Ulu bir Öndər” adlı tədbir keçirilib.

Heftelik.az-ın məlumatına görə, tədbirdə lisey rəhbərliyi və qonaqlar Ulu Öndərin büstü və liseyimizin şəhid məzunu Cavid Manafovun xatirə guşəsinin önünə güllər qoymuş, daha sonra isə liseydə şagirdlərin əl işlərindən ibarət olan “Ulu Öndər 100” adlı sərgiyə baxıblar.

Daha sonra Ulu Öndər başda olmaqla haqq savaşımız zamanı, canlarını vətən yolunda fəda edən bütün şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni ilə tədbir açıq elan olunub.

Tədbiri çıxış sözü ilə açan liseyin direktoru Sevinc xanım Orucova Ulu Öndər Heydər Əliyevin Azərbaycanın çiçəklənmə yollarına gəlib çıxmasında misilsiz rolundan, əvəzsiz xidmətlərindən söz açmış, ömür-gün yoldaşı, bu yaxınlarda 100 illiyini qeyd etdiyimiz Zərifə xanımla yaratdığı nümunəvi Azərbaycan ailəsi tablosundan, ata nəsiyyətini layiqincə yerinə yetirən dəmir yumruq əzmli Ali Baş Komandanımız İlham Əliyevin başçılığı ilə qazandığımız qələbəmizdən söz açıb.

Tədbirin fəxri qonaqları olan Xətai Rayon İcra Başçısının müavini Rafiq İsayev və Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması sektorunun müdiri Fuad Qarayev Ulu Öndərin əvəzsiz lider, dahi şəxsiyyət olmasından, onun qeyri-adi bilik və bacarığından, xalqımızın xilaskarı olmasından, 44 günlük haqq savaşımızdan və möhtəşəm qələbəmizdən söz açmışdılar. Tədbirdə həmçinin Yeni Azərbaycan Partiyasının Xətai Rayon təşkilatının məsləhətçisi Ənvər Bayramov, Xətai Rayon icra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov və Xətai Rayon Gənclər İdman İdarəsinin aparıcı məsləhətçisi Mamed Rzayev də iştirak ediblər. Tədbir şagirdlərin ifasında rəqslər, müxtəlif ifalarla  davam etmiş, “Odlu Qılınc” tamaşası ilə başa çatıb.

Fəxri qonaqlara şagirdlərin əl işlərindən ibarət Ulu Öndəri canlandıran hədiyyələr təqdim  olunub.

Həmin gün lisey rəhbərliyi Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və onun ömür gün yoldaşı nur üzlü Zərifə xanımın abidələrini ziyarət edərək əklillər qoyublar.