Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət müəyyənləşib.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına, yəni:

– dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə;

– ağır ekoloji nəticələrə səbəb ola bilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə;

– ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə uyğun olmayan təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə;

– ətraf mühitin və onun komponentlərinin qlobal mənfi dəyişikliklərinə səbəb olan, o cümlədən ekoloji təhlükəsizlik sahəsində beynəlxalq müqavilələri pozan fəaliyyətin həyata keçirilməsinə;

– müvafiq ərazinin təbii mühitinə xas olmayan, habelə nəzarətsiz artımının və yayılmasının qarşısını almaq üçün səmərəli tədbirlər hazırlamadan süni yolla əldə edilmiş orqanizmlərdən istifadə edilməsinə, onların çoxaldılmasına və ya yayılmasına;

– ətraf mühit və insanlar üçün təhlükə dərəcəsi qiymətləndirilməmiş maddələrin tətbiq edilməsinə;

– insan orqanizmində və ətraf mühitdə cəmləşə bilən və təbii parçalanmaya uğramayan toksik maddələrdən istifadə edilməsinə, habelə zərərsizləşdirmə texnologiyası ekoloji cəhətdən təhlükəli olan toksik maddələrin tətbiq edilməsinə;

– emal, zərərsizləşdirmə və təkrar istifadə texnologiyası ekoloji cəhətdən təhlükəli olan məhsulların ölkəyə gətirilməsinə və ya istehsalına;

– müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş siyahıda göstərilən toksik və sair təhlükəli istehsalat və məişət tullantılarının, təkrar istifadə edilə bilməyən qeyri-toksik tullantıların, habelə istifadə və təkrar istifadə texnologiyası ekoloji təhlükə yaradan maddələrin ölkəyə gətirilməsinə;

– həmin xətaların törədilməsi ilə müşayiət olunan elmi-tədqiqat, iqtisadi və sair eksperimentlərin həyata keçirilməsinə görə-

fiziki şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.