Qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama beş min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, eyni əməllər:

– təkrar törədildikdə;

– internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə;

– yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildikdə;

– qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

– xeyli miqdarda gəlir əldə etməklə törədildikdə –

on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Nəzərdə tutulmuş əməllər:

– mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;

– külli miqdarda gəlir əldə etməklə törədildikdə –

üç ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu əməllər xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə dörd ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

“Xeyli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan mәblәğ başa düşülür. Nəzərdə tutulmuş əməlləri törətmiş və cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxs, bundan əlavə əldə edilmiş gəlirin bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.