Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Anaşkin küçəsində yerləşən yataqxana binasında partlayış olub.

Heftelik.az-ın məlumatına görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ikimərtəbəli yataqxana binasının birinci mərtəbəsində, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntı yarandığı müəyyən olunub.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən dağıntı altından bir nəfərin cəsədi çıxarılıb, hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Hadisə nəticəsində Nuruyeva Gülnarə və onun 13 yaşlı oğlu – Ağayev Kamil xəsarət alıb, 1999-cu il təvəllüdlü Rüstəmov Orxan Astan oğlu ölüb. Orxan Rüstəmov yeni ailə həyatı qurubmuş. Hadisə vaxtı o, birinci mərtəbədə olub, beton piltələr üzərinə aşıb.

FHN-in qüvvələri tərəfindən, həmçinin hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.