Xalqımızın Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Gələcəyimizə çıraq ol” ailəsi 06 may 2023-cü il tarixdə Şamaxı rayonunun Qaleybuğurd kənd orta məktəbində az təminatlı, valideyn himayəsindən məhrum olmuş aşağı siniflərdə təhsil alan şagirdlər üçün onların asudə vaxtının səmərəli keçirilməsi, dünyagörüşü və müasir texnologiyalardan istifadə imkanları ilə bağlı biliklərinin artırılmasına dair növbəti dəfə müxtəlif master-klasslar həyata keçirmişdir.

Heftelik.az-ın məlumatına görə, “AzeRobot Education”nin əməkdaşları Aynur Hümbətova və Aydan Zeynalovanın robototexnika üzrə təşkil etdikləri master-klasslarla uşaqların istedadlarının üzə çıxarılması və təlim zamanı yiyələndikləri bacarıqların praktiki tətbiq edilməsi sayəsində balaca məktəblilər müxtəlif robotlar hazırlamışlar.

Gil boyama sənəti üzrə işinin peşəkarı olan “SevaArtGallery”nin rəhbəri Sevinc Əliyeva həmin master-klassı icra edərək, bu sənətin incəliklərini uşaqlara öyrətmiş və uşaqlar gil qabları istədikləri müxtəlif rənglərdə boyamaqla böyük zövq almışlar.

Layihəyə könüllü dəstək olan Bakı şəhəri Nizami rayonu E.Cəlilov adına 272 saylı tam orta məktəbin tarix müəllimi Aysel Əhmədova isə Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə, eləcə də tarix elminin predmetinə aid digər maraqlı məlumatları uşaqlarla bölüşmüşdür.

Bakı Xoreoqrafiya Akademiyasının tələbəsi Xəyal Pənahov “Uzun dərə” rəqsinin incəliklərini uşaqlara öyrədərək, onların estetik zövqünün formalaşmasına yardımçı olmuşdur. Şən kloun isə öz sənəti ilə uşaqlara sevinc və gülüş bəxş etmişdir.

Həmin Akademiyanın Kitabxana və informasiya şöbəsinin müdiri İradə Ağayevanın təşəbbüsü ilə əməkdar artist Bəhram Bağırzadə, “Paşa Holding”, “Hədəf” nəşrlər evi və digərləri öz xeyriyyəçi fəaliyyəti ilə layihənin reallaşmasına yardımçı olmuşdur.

Gün sonunda uşaqlara sertifikatlar və hədiyyələr təqdim olunmuş, xatirə fotoşəkilləri çəkilmişdir. Layihənin keçirilməsinə dəstək olanlar isə Elm və Təhsil Nazirliyinin Dağlıq Şirvan Regional Təhsil İdarəsi tərəfindən təşəkkürnamə ilə təltif edilmişdir.

Layihə müəllim Jalə Qurbanlı və BXA-nın müəllimi Aygül Qurbanova tərəfindən təşkil olunmuşdur.