Ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, 21-ci əsrdə də qlobal problemlər sırasında qalmaqdadır. Narkomanlığın tarixi çox qədimdir. Hələ eramızdan əvvəl narkotik tərkibli vasitələr haqqında məlumatlara yunan, roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlinir. Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş insanların ağrı və əzablarının qənimi kimi qavranılmış, xaşxaş qozasından alınan şirə (tiryək) isə həmişə tibbi məqsədlər üçün istifadə edilmişdir. Ümumiyyətlə, BMT-nin hesablamalarına görə, bu gün dünyada təqribən 250 milyona yaxın insan narkotiklərdən bu və ya digər formada əziyyət çəkir. Bu 15-64 yaş üzrə dünya əhalisinin təqribən 5 faizini təşkil edir. Narkomanlıq narkotik zəhərlərdən psixi asılılıq yaradan xəstəlikdir. Bu, xəstəliyə tutulmuş şəxslər özlərini cəmiyyətdən təcrid edirlər. Bu da onların ətrafdakı insanlara münasibətini dəyişir. Belə insanlara cəmiyyətin hər bir təbəqəsində rast gəlmək olur. Narkomanlıq eynilə narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. O, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı ləngidir, ailə və icmaları dağıdır. Təkcə Rusiya Federasiyasında, son məlumatlara görə, narkomanların sayı 500 mindən artıqdır. Bu böyük bəla ilə hər bir instansiya öz sahəsində bütün variantlardan istifadə etməklə mübarizə aparılmalıdır. İstər maarifləndirmə, istərsə də inzibati qaydada mütəmadi tədbirlər görülməlidir. Çünki bu ağır xəstəlik cəmiyyətin məhvinə yönəlmişdir. Hər hansı bir xəstəliklə həkimlər öz sahələrində müalicə işləri görür, lazım gəldikdə radikal cərrahi üsullara əl atılır. Lakin narkomaniyanı təkcə tibb sahəsi işçilərinin gücü ilə aradan qaldırmaq olmaz. Cəmiyyətin bütün qüvvələri bu bəla ilə mübarizədə birləşməlidirlər.

Azərbaycanda də bu sahədə xeyli işlər görülüb. Belə ki, ölkəmiz 1961-ci ildə BMT-nin Narkotik Vasitələrin İstifadəsi üzrə Konvensiyaya, 1971-ci ildə Psixotrop Maddələrin İstifadəsi üzrə Konvensiyasına qoşulub. Həmçinin “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına” və “Narkotik vasitələrin və Psixotrop Maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına” qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürüb. Narkomaniya ilə mübarizdə hər bir vətəndaş fəallıq göstərməlidir. Yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqaviməti xeyli artıracaq. Bu da ən əsası həm indiki, həm də gələcek nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayacaqdır.

Qlobal cinayətkarlıq hesab olunan və korrupsiyaya qurşanmış mafioz qruplar tərəfindən beynəlxalq səviyyədə həyata keçirilən orqan və silah alveri kimi qatı cinayətlər arasında insanların sağlamlığına ciddi təsir edən narkotik vasitələrin satışı, transferi dəhşətli fəsadlara yol açır. Bu istiqamətdə aparılan təbliğat işlərinin gücləndirilməsində də məqsəd beynəlxalq səviyyədə həyata keçirilən narkomanlığa qarşı mübarizədə Azərbaycanın fəallığını təmin etməkdir. Belə ki, həyata keçirilmiş tədbirlər nəticəsində ölkəmizin narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirakı daha intensiv xarakter almışdır.

Təbii ki, hər bir ilə yekun vurarkən hesabat xarakteri daşıdığı üçün ayrı-ayrı sahələrdə görülən işlərə bir baxış keçirmək mütləqdir. Bu məqamı da unutmayaq ki, bu günün uğurları əvvəlki illərdə qoyulan möhkəm təmələ əsaslanır. Bu baxımdan Azərbaycanın müstəqillik tarixində narkotizmə qarşı mübarizənin gücləndirilməsi üçün nə kimi tədbirlər həyata keçirdiyinə diqqət yetirək. Azərbaycan müstəqillik əldə etdikdən, daha dəqiq desək, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər problemlər kimi, narkotizmə qarşı mübarizənin vacibliyi də ön plana çıxdı. Bu mübarizədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradıldı. Ölkəmizdə narkotizmlə və narkobizneslə mübarizənin əsası 1999-cu ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Qanunla qoyulmuşdur. Təbii ki, bəşəriyyətin bu dəhşətli bəlasına qarşı mübarizə səylərin birləşdirilməsini bir tələbə çevirib. Ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə sistemi birgə mübarizə aparmaqla onun yayılmasının və kütləvi hal almasının qarşısını almağa öz töhfəsini verməyə səy göstərir. O da məlumdur ki, BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən, 26 iyun “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə Günü” kimi qeyd olunur. Hər il qeyd edilən bu tarixi gün ayrı-ayrı dövlətlərin bu sahədə hansı nəticələrə nail olduğuna, mübarizə üsullarını və narkomanlığın müalicə metodlarını təkmilləşdirməsinə işıq salır. Bu dəhşətli bəlaya qarşı mübarizədə  Azərbaycanın səylərinin göstəricilərindən biri də məhz  bu mövzuda beynəlxalq konfranslara ev sahibliyi etməsi, hər bir dövlətin malik olduğu imkanların təqdimatına və birləşdirməsinə yol açmasıdır. Bu faktı qeyd edək ki, Azərbaycan BMT-nin narkotik vasitələr və psixotrop maddələrlə əlaqədar konvensiyalarına qoşulmuş, bu sahədə çoxsaylı qanunvericilik aktları qəbul olunmuşdur. Ümummilli lider Heydər Əliyevin 15 iyul 2000-ci il tarixli Fərmanı ilə “2000-2006-cı ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə” Milli Proqram” qəbul edilmişdir. Bu sənədin tələblərindən irəli gələn məsələlərin həlli, eləcə də aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə xüsusi Dövlət Komissiyası yaradılmışdır.

Son 14 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev digər istiqamətlərdə olduğu kimi, bu sahədə də mövcud qanunların təkmilləşdirilməsinə, yeni Dövlət Proqramının qəbuluna nail olmuşdur. Cənab İlham Əliyev ölkə ərazisində narkomaniya və narkobiznesə qarşı mübarizədə uğurlar əldə etmək üçün bütün aidiyyəti strukturların fəaliyyətinin əlaqələndirilməsinin başlıca meyar olduğunu qeyd edir, narkotiklərlə mübarizə sahəsində qabaqcıl dünya təcrübəsinə əsaslanan kompleks tədbirləri sistemli şəkildə həyata keçirir. 2005-ci ildə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanun qəbul olunmuşdur. Bu sənəd narkotiklərlə mübarizə istiqamətində müvafiq dövlət və ictimai qurumlar qarşısında konkret vəzifələr qoymuş və bu istiqamətdə fəaliyyətin hüquqi bazasını təşkil etmişdir. Həmçinin ölkə Prezidenti İlham Əliyevin 28 iyun 2007-ci il tarixli Sərancamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı (2007-2012-ci illər)” təsdiq edilmişdir.

Bu faktı da qeyd etməliyik ki, Avropa və Asiyanın qovşağında yerləşən  Azərbaycan öz təbiəti, təbii sərvətləri ilə hər zaman diqqət çəkib. Yer planetində mövcud olan 11 iqlim qurşağından 9-u ölkə ərazisindən keçir. Bu iqlim şəraitləri ölkənin bütün bölgələrində narkotik tərkibli bitkilərin həm əkilib becərilməsinə, həm də belə bitkilərin yabanı halda bitməsinə şərait yaratmışdır. Azərbaycanın geosiyasi mövqeyi narkotiklərin qeyri-qanuni olaraq Avropaya daşınması üçün də əlverişlidir. Həmçinin 25 ildən artıqdır ki davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün sahələrdə olduğu kimi, narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini göstərmişdir. Təsadüfi deyildir ki, cənab İlham Əliyev ən yüksək tribunalardan Dağlıq Qarabağın nəzarətsiz zona olduğunu, işğal olunmuş ərazilərimizdə narkotik tərkibli bitkilərin yetişdirildiyini, onlardan əldə olunan vəsaitlərin çirkin niyyətlərin həyata keçirilməsinə yönəldiyini bəyan edib. Reallıq budur ki, Dağlıq Qarabağ ərazisi narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz zona kimi istifadə olunur.

Problemin həllinə xidmət edən mühüm addımlardan biri hər zaman qeyd edildiyi kimi, maarifləndirmə işinin lazımi səviyyədə qurulmasıdır. Əsas məsələ gənclərimizin belə zərərli vərdişlərdən uzaq olmasıdır. Bunun üçün təbliğata xidmət edən müxtəlif tərkibli tədbirlərin həyata keçirilməsi mütləqdir. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan dövləti gənclərə diqqət və qayğını həyata keçirdiyi siyasətin əsas tərkib hissəsinə çevirib. Ardıcıl şəkildə qəbul olunan Dövlət proqramları gəncliyin inkişafına, onların potensial imkanlarının genişləndirilməsinə öz müsbət təsirini göstərir. Gənclər arasında idmanın, mədəni-kütləvi tədbirlərin genişləndirilməsində, idmana marağın artırılması naminə inşa olunan idman komplekslərin tikilməsində də əsas məqsədlərdən biri məhz sağlamlığın təmin edilməsi, ən əsası  insanların belə ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşdırılmasına nail olmaqdır.

 

Əsab Musazadə

Ucar rayon prokurorunun

köməkçisi vəzifəsi üzrə stajor