Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, eyni əməllər:

– qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

– təkrar törədildikdə—

üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd olunan əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı hazırlama üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.