Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını təşkil edən dairə dəqiqləşdirilir.

Heftelik.az-ın məlumatına görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını bu subyektlərdə müəyyən edilmiş həqiqi hərbi xidmət müddətlərini başa vurmuş hərbi qulluqçular, habelə öz razılığı ilə bu subyektlərin ehtiyatına qəbul olunmuş digər hərbi vəzifəli vətəndaşlar təşkil edirlər.

Layihəyə əsasən, artıq konkret olaraq bu subyektlərdə həqiqi hərbi xidmətdən buraxılaraq öz ehtiyatlarına keçirilmiş hərbi vəzifəlilər kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını təşkil edəcək.

Öz razılığı ilə bu subyektlərin ehtiyatına qəbul olunmuş digər hərbi vəzifəli vətəndaşlar isə yenə də kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını təşkil edəcək.