Şabran rayonunun Qorğan kəndində təsərrüfatlardan birində baş verən hadisə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ciddi nəzarətə götürülüb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə AQTA-dan  bildirilib.

Qeyd edilib ki, hadisənin səbəbləri ilə bağlı Agentliyin mütəxəssisləri ilə digər aidiyyəti qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.

Xatırladaq ki, Şabran rayonunda 20 nəfər quduzluq xəstəliyi şübhəsi ilə nəzarətə götürülüb.

***

saat 12.36

Şabranda bir ailənin 20-yə yaxın üzvü quduzluq xəstəliyi ehtimalı ilə nəzarətə götürülüb.

Heftelik.az-ın AZƏRTAC-a istinadən  verdityi məlumata görə,  təxminən 20-25 gün əvvəl yırtıcı heyvanlar rayonun Qorğan kəndində təsərrüfatlardan birində qoyunlara hücum edib.

Təsərrüfat sahibi yaralı qoyunun ətini fermadakı itlərə verib. Bir müddət sonra qoyunlardan 3-nün xəstələndiyini görən təsərrüfat sahibi onları kəsib və özündən ayrı yaşayan övladlarının ailə üzvlərinin iştirakı ilə qonaqlıq təşkil edib.
Bu yaxınlarda isə təsərrüfatdakı heyvanlarda kütləvi xəstəlik qeydə alınıb və 36 baş qoyundan 10-u tələf olub. Bundan sonra yerli dövlət qurumlarına müraciət edilib.
Şabran Rayon İcra Hakimiyyəti başçısının Qorğan inzibati ərazi dairəsi üzrə nümayəndəsi Orxan Balabəyov bildirib ki, müvafiq dövlət qurumları faktla bağlı məlumatlandırılıb. Ölmüş qoyunlardan götürülən analizlər heyvanların quduzluq xəstəliyinə yoluxduğunu təsdiqləyib. Bununla əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Şabran Rayon İcra Hakimiyyətinin, Şabran Rayon Baytarlıq idarəsinin, Şabran Rayon Gigiyena və epidemiologiya mərkəzinin nümayəndələri Qorğan kəndinə gəlib və müvafiq tədbirlər görülür.
Təsərrüfat sahibi və həyat yoldaşına quduzluq əleyhinə iynə vurulub. Hazırda həmin qonaqlıqda iştirak edən və xəstə heyvanların ətindən yeyən şəxsər müəyyənləşdirilərək nəzarətə götürülüb. İlkin ehtimala görə ailənin 20-yə yaxın üzvü xəstə qoyunların ətindən yeyib.
Orxan Balabəyov bildiririb ki, həmin ailənin üzvləri ailə həkimin nəzarətindədir və heç birində hər-hansı bir narahtlıq müşahidə olunmayıb.