Ötən əsrin 80-ci illəri SSRİ və Qərb dövlətləri arasında “soyuq müharibə”nin kəskinləşdiyi dövrdür. Xüsusən kəşfiyyat xidmətləri səviyyəsində bu gizli müharibə öz intensivliyi ilə seçilirdi. SSRİ-nin qüdrətli Dövlət Təhlükəsizlik Komitəsi (DTK, “KQB”), ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və Britaniyanın “Mİ-6”sı dünyanın bütün nöqtələrində amansız yarışa girmişdi. Bu mübarizədə istənilən kəşfiyyat xidmətinin ən qorxulu yuxusu daxili satqınlıq (çuğulçuluq) idi.
“KQB”nin daxili satqınları kommunizm quruluşuna və SSRİ-yə inamını itirən ideoloji satqınlar, karyera tramplinində irəliləyə bilmədikləri üçün qisas alan satqınlar və sadəcə pul qarşılığında düşmən kəşfiyyatına işləyən satqınlardan ibarət idi. Tarixdə “KQB”nin general-mayor Oleq Kulaqin, polkovnik Oleq Penkovski kimi satqınları məşhurdur. Onların SSRİ-nin təhlükəsizliyinə vurduğu zərər ölçüyə gəlməzdi.
Heftelik.az Vüqar İsmayılovun belə satqınlardan biri, “KQB” polkovniki Oleq Qordiyevski haqqında yazısını təqdim edir. Onu azərbaycanlı oxucu üçün maraqlı edən məqamlardan biri “çekist”in həyat yoldaşının milliyyətcə azərbaycanlı Leyla Ağahüseyn qızı Əliyeva olmasıdır. Amma gəlin əvvəlcə, Oleq Qordiyevskinin tərcümeyi-halı ilə tanış olaq.
Oleq Antonoviç Qordiyevski 1938-ci il oktyabrın 10-da Moskvada anadan olub. Onun atası NKVD -nin üzvü idi və qatı kommunist görüşləri ilə seçilirdi. Təsadüfi deyil ki, onun hər 3 oğlu atalarının təsiri ilə təhlükəsizlik orqanlarında çalışmağa başlayır. Moskvadakı orta məktəblərdən birini bitirdikdən sonra diplomat olmaq istəyən Qordiyevski 1956-cı ildə Moskva Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub. 1962-ci ildə isə uğurla təhsilini bitirib. Lakin atası və artıq “KQB” agenti kimi Cənub-Şərqi Asiyada fəaliyyət göstərən qardaşı Vasilinin təsiri ilə “KQB”yə işə düzəlir. 101 nömrəli DTK kəşfiyyat məktəbinin hazırlıq kurslarını bitirən Oleq Qordiyevski 1963-cü ildən komitənin 1-ci baş idarəsində (xarici kəşfiyyata cavabdeh) çalışmağa başlayır.
1966-cı ildə isə xüsusi xidmət orqanının xıttilə Danimarkadakı SSRİ səfirliyinə işə göndərilir.
Rəsmi sənədlərdə səfirliyin konsulluq idarəsinin əməkdaşı kimi göstərilən Qordiyevski əslində ölkədəki qeyri-leqal sovet agentlərini saxta Danimarka pasport və digər sənədlərlə təmin edən gizli agent olmalı idi. Bunun üçün 1 il ərzində Danimarka dilini və qanunvericiliyini hərtərəfli öyrənir. 1970-ci ilin yanvarında isə yenidən Moskvaya dönür. 1972-ci ilin oktyabrında o, yenidən, bu dəfə kəşfiyyatın siyasi kanalları vasitəsilə Kopenhagenə göndərilir.
Bu dəfə sovet səfirliyin mətbuat katibi kimi Danimarkaya gələn Oleq Qordiyevski 1 il sonra “KQB”nin Danimarka rezidentinin (rəhbərinin) müavini, 1976-cı ildən isə rezidenti təyin olunur.
Məhz Kopenhagendə çalışdığı zaman o, ilk dəfə Qərb kəşfiyyatına işləmək barədə düşünür. ABŞ və Böyük Britaniya kəşfiyyatı arasında seçim edən DTK agenti qərarı sonuncunun xeyrinə verir. Sonradan müsahibələrində Qordiyevski bu qərarı Britaniyanın “Mİ-6” kəşfiyyat xidmətini daim yüksək peşəkarlığına görə qiymətləndirdiyi üçün atdığını deyir. Qərbə işləməsinə səbəb olaraq isə 1968-ci il “Praqa baharı” zamanı demokratikləşmə yolunu seçmiş Çexiyaya Sovet qoşunlarının yeridilməsini göstərir. Onun sözlərinə görə, həmin hadisədən sonra sovet rejiminə inamı itib.
Beləliklə, 1974-cü ildən başlayaraq Qordiyevski “Mİ-6” kəşfiyyatına işləməyə başlayır. Bu müddətdə onun ötürdüyü məlumatlar əsasında SSRİ-nin Danimarkadakı bütün casus şəbəkəsi çökdürülür. “Mİ-6”ya Qərbdə casus fəaliyyəti göstərən onlarla sovet agentinin adı məlum olur.
Heç nədən şübhələnməyən “KQB” rəhbərliyi isə 1978-ci ildə onu Moskvaya geri çağırır və qurumun kəşfiyyat idarəsinin baş aparatında vəzifəyə təyin edir.
1982-ci ildə Oleq Qordiyevski çoxdan arzuladığı təyinatı alır – gizli agent kimi SSRİ-nin Londondakı səfirliyinə göndərilir. 1985-ci ilin yanvarında isə Londondakı “KQB” rezidenturasının başçısı təyin olunur. Hətta ona polkovnik rütbəsi də verilir. Bütün bu müddətdə isə o, müntəzəm şəkildə Britaniya kəşfiyyatını “KQB”nin strukturu və planları ilə, Qərbdəki casus şəbəkəsinin tərkibi ilə ətraflı məlumatlandırır.
Nəhayət, 1985-ci ilin ortalarında “KQB” rəhbərliyi qurumun tərkibində xarici kəşfiyyata işləyən satqının olmağından şübhələnir. Daxili araşdırma bütün şübhələri Oleq Qordiyevskiyə doğru yönəldir. Tezliklə, ona yeni rütbə veriləcəyi bəhanəsilə Moskvaya geri çağırırlar. “KQB”nin binasında bir neçə sorğu-sualdan sonra onu ev dustağı edirlər. Artıq ifşa olunduğunu anlayan DTK polkovniki Moskvadakı Britaniya səfirliyi ilə gizli əlaqə yarada bilir. Onların köməyilə Oleq Qordiyevski 1985-ci il iyulun 20-də Moskvanı tərk edir.
Finlandiya sərhədini keçdikdən sonra çuğulçu agent Londonda gedir. Britaniya 11 il sərasər krallığa xidmət etmiş “KQB” agentinə sığınacaq verir.
ABŞ-ın eks-prezidenti Reyqan və Qordiyevski
Onun “KQB”nin nəzarəti altında olan evindən Finlandiyaya necə gedə bilməsi ilə bağlı bir neçə versiya mövcuddur. Ən geniş yayılan versiya Moskvadakı Britaniya səfirliyinin əməkdaşı (gizli agent) Cek Skarletin onu öz diplomatik maşınının baqajında Finlandiyaya aparması ilə bağlıdır.
1985-ci ilin sentyabrında Qordiyevskinin açıqladığı məlumatlar əsasında, Britaniya hökuməti London səfirliyində diplomat kölgəsi altında fəaliyyət göstərən 31 “KQB” və Baş kəşfiyyat İdarəsinin əməkdaşını ölkədən xaric edir. Cavab olaraq SSRİ də 25 ingilis diplomatını ölkədən xaric edir.
1985-ci il noyabrın 14-də SSRİ məhkəməsinin qərarı ilə Oleq Qordiyevski “vətənə xəyanət” maddəsi ilə təqsirli bilinərək, ölüm cəzasına məhkum edilir. Məhkəmə onun bütün əmlakının müsadirə olunması barədə də qərar verir. Lakin sovet femidasının qərarı sırf formal xarakter daşıyırdı, çünki təqsirkar artıq Londonda yaşayırdı. Buna baxmayaraq, çuğulçu agent barədə çıxarılan qərar bu gün də qüvvədədir.
Oleq Qordiyevskinin satqınlığı ilk növbədə SSRİ-nin Londondakı casus şəbəkəsinin tamamilə çökməsinə səbəb oldu. Çuğulçu agent Marqaret Tetçer və Ronald Reyqan tərəfindən təkbətək görüşlərdə də iştirak edib.
11 illik gizli xidmətinə görə, 2007-ci ildə Britaniya kraliçası II Yelizaveta Oleq Qordiyevskini “Müqəddəs Georgi və Müqəddəs Mixail” ordeni ilə təltif etmişdi. O, hazırda pul qarşılığında televiziya verilişlərinə çıxmaqla və müsahibələr verməklə yaşayır.
Oleq Qordiyevskinin azərbaycanlı həyat yoldaşı –Leyla Əliyeva
Taleyini özü də bilmədən satqın “KQB” agenti ilə bağlayan Leyla Əliyeva özü də çekistlərin ailəsində andan olmuşdu. Onun atası Ağahüseyn Əliyev əslən Azərbaycanın Şəki rayonundan idi. Qardaşları Arif və Əli kimi Ağahüseyn də 30-cu illərin əvvəllərində Moskvaya gələrək “KQB” strukturlarında çalışmağa başlayır. Ağahüseyn Əliyev iş fəaliyyəti zamanı tanış olduğu rus milliyyətindən olan qadınla ailə həyatı qurur. 50 ildən artıq davam edən xoşbəxt evlilikləri dövründə onların 2 oğul övladı və Leyla adlı qız övladları dünyaya gəlir.
Leyla Əliyeva 1949-cu noyabrın 21-də Moskvada anadan olub. Ora məktəbi bitirdikdən sonra peşə məktəbini “makinaçı” ixtisası üzrə bitirən Əliyeva jurnalist olmaq qərarına gəlir. Moskva Dövlət Universitetinə daxil olur, eyni vaxtda “Moskovskiy Komsomolets” qəzetində müxbir kimi çalışır. Lakin bir müddət sonra çekist valideynlərinin köməyi ilə makinaçı kimi Dünya Səhiyyə Təşkilatının Kopenhagendə yerləşən Avropa ofisində çalışmağa başlayır.
2 illik iş müqaviləsi bağlayan Leyla Əliyeva 70-ci illərin sonunda şəhərə gəlir. Yazının əvvəlində də qeyd etdiyimiz kimi, həmin illərdə SSRİ-nin Danimarkadakı səfirliyində çalışan Oleq Qordiyevski Leyla Əliyeva ilə tanış olur. Aralarında sevgi yaransa da, həmin vaxt artıq evli olan Qordiyevski təxminən 1 il 6 ay Leyla Əliyeva ilə gizli görüşür. Çətinliklə olsa da, birinci həyat yoldaşından boşanan “KQB” agenti Danimarkada iş müqaviləsinin vaxtı bitən Əliyevaya evlilik təklifi edir.
Cütlüyün 1980-ci ildə Mariya, 1981-ci ildə isə Anna adlı qızları dünyaya gəlir. Onlar ilk vaxtlar Moskvada yaşayırlar. Lakin bu zaman “KQB” rəhbərliyinin Londona gizli agent göndərmək ehtiyacı yaranır. Qordiyevskinin gizli məlumatları əsasında Britaniya sovet dövlətinin Londondakı səfirliyə təklif etdiyi bütün diplomatların (əslində agentləri) namizədliyini rədd edir. Sonda, Qordiyevsklinin namizədliyi təklif olunan kimi Britaniya səfirliyi razılıq verir və sənədlərin hazırlanmasına başlayır.
Qordiyevski-Əliyev ailəsi 3 il – Oleq Qordiyevski çuğulçu agent kimi ifşa olunana qədər Londonda yaşayır. 1985-ci ildə isə onlar Moskvaya geri dönürlər. Oleq Qordiyevski gizli agent olduğunu ailəsindən gizli saxlayırdı və iyulun 20-də Moskvadakı mənzillərindən Londona uzanan sirli qaçışından sonra Leyla Əliyeva ilk vaxtlar həyat yoldaşının itkin düşdüyünü fikirləşir. Həmin vaxt ərinin təkidi ilə qızlarını da götürüb Bakıya gələn Leyla Əliyeva az sonra ərinin zənglərə cavab verməməsi, onunla əlaqə saxlamamasına görə narahatlıq keçirir.
Buna görə də “KQB” polkovnikinin həyat yoldaşı kimi quruma ərinin itkin düşməsi ilə bağlı müraciət edir. Ərinin əməlləri ilə bağlı hər şey aydın olduqdan sonra Leyla Əliyeva azyaşlı uşaqları ilə birlikdə Moskvaya gətirilir.
Beləliklə, “KQB”nin bir neçə ay davam edən fasiləsiz sorğu-sualları başlayır. Hətta onu ərindən rəsmən boşanmağa vadar edirlər. Onlar Leyla Əliyevanın ərinin qaçışında iştirak edib-etmədiyini müəyyən etməyə çalışırlar. Atası azərbaycanlı olan xanım sona qədər ərinin əməllərindən xəbərsiz olduğunu bəyan edir. Leyla Əliyevanın günahsızlığı sübuta yetirilsə də, o və qızları ölkədən buraxılmır və 6 il ciddi nəzarət altında yaşayırlar.
Yaşadıqları evlərinin bütün otaqlarında dinləmə cihazları, evlərinin qarşısında 24 saat gözləyən “KQB” agentləri bu müddətdə onlara rahatlıq vermir. Müxtəlif vaxtlarda Leyla Əliyeva qızları ilə birlikdə Moskvada, Bakıda və hətta 1991-ci ildə bir müddət ata yurdu Şəkidə yaşayır.
Londonda yaşayan Oleq Qordiyevski bütün bu müddət ərzində ailəsi ilə əlaqə saxlamağa çalışsa da, yalnız 1990-cı ilin sentyabrında bir dəfə telefon əlaqəsi yarada bilir.
Nəhayət, 1991-ci payızında sovet rəhbərliyi Əliyevaya ailəsi ilə birlikdə SSRİ-ni tərk edib Londona getməyə icazə verir. Qordiyevskilər 6 ilik fasilədən sonra qovuşurlar. Qərbə populyarlıq qazanan hadisə onların çoxsaylı qəzet və telekanallar tərəfindən qonaq çağrılması ilə nəticələnir. Lakin uzun müddətli ayrılıq, ərinin satqınlığına görə məruz qaldığı təzyiqlər Oleq və Leyla Qordiyevskiləri bir-birindən uzaqlaşdırır.
1992-ci ildə onlar rəsmən boşanırlar. Boşanma şərtlərinə görə, Oleq Qordiyevski ümumi əmlakının yarısını və Britaniya kəşfiyyatına uzun illər işlədiyi üçün aldığı 2,5 min dollarlıq təqaüdünün dördə üç hissəsini həyat yoldaşına ödəməli idi.
Leyla Əliyeva öz qızlıq soyadına qayıdır. Hazırda Londonun cənubunda yaşayan Əliyeva tez-tez qohumlarının və dostlarının yaşadığı Moskvaya gedir.
Onların övladlarına gəldikdə isə Londona köçdükdən az sonra Oleq Qordiyevski ilə qızlarının münasibətləri soyuyur. Keçmiş “çekist” bunun günahını Leyla Əliyevada görürdü. Onun fikrincə, həyat yoldaşı uşaqları ona qarşı çevirmişdi.
Böyük qız – 1980-ci il təvəllüdlü Mariya Qordiyevskaya 1991-ci ildə Londona gələrkən Moskva məktəblərindən birində 6-cı sinif şagirdi idi. İngiltərədə o, “Müqəddəs Ketrin” məktəbini bitirir. Daha sonra isə prestijli London Universitet kollecinin slavistika (slavyanşünaslıq) fakültəsini daxil olur.
Bacısı ilə eyni məktəbi bitirən Anna Qordiyevskaya isə Oksford Universitetini bitirib.
Qordiyevskinin qızları
2006-cı ildə Mariya Qordoyevskinin adı Rusiyadakı baş verən qalmaqalda hallanırdı. 2006-cı ilin aprelində “Moskovski Komsomoleç” qəzetində çıxan materialda Mariya Qordiyevskaya özünü və azərbaycanlı dostlarının Moskvanın “Stoyka” gecə klubuna buraxılmamağından şikayətlənirdi. O, qəzetin müxbirinə əyləncə mərkəzinin mühafizəçilərinin içəriyə “Qafqaz millətindən olan” şəxslərin buraxılmaması barədə göstəriş aldıqlarından gileylənir və dostu olan azərbaycanlı biznesmenlərin çöldə qaldıqlarından şikayətlənirdi.
Bu arada Qordiyevskayanın atasının kimliyi ortaya çıxdıqdan sonra mətbuat ona qarşı əks kampaniyaya başlamışdı.
Haşiyəyə çıxaraq, Mariya və Anna Qordiyevskilərin Azərbaycanla bağlı epizodunu qeyd edək. 1992-ci iln yanvarında BBC-nin Rusiya xidmətinin qonağı olan (aparıcı məşhur Seva Novqorodtsev) Mariya və Anna studiyaya özləri ilə SSRİ-dən gətirdikləri Azərbaycan mahnısının valınıtəqdim edirlər. Aparıcı Seva Novqorodtsevin “niyə məhz Azərbaycan mahnısı” sualına cavab olaraq Martiya Qordiyevskaya “çünki biz hər yayı Azərbaycanda keçiririk. Çünki atamız azərbaycanlıdır. Babamız da azərbaycanlıdır” deyə cavab verirlər. Lakin Azərbaycan dilində danışa bilmədiklərini də təəssüflə etiraf edirlər.
Amma Rusiyada bu ailə ilə bağlı söylənən bütün neqativlərə baxmayaraq Leyla Əliyeva-Qordiyevskaya və qızları tez-tez Moskvanın qonağı olur.
Təkcə öz dövlətini və müəyyən mənada həm də ailəsini satan Oleq Qordiyevski isə barəsində ölüm hökmünün ləğv olunmadığı hələ də vətəninə dönə bilmir.
Britaniyanın mərhum baş naziri Tetçer Qordiyevski ilə
Vüqar İsmayılov