23 may 2023-cü il tarixdə Ucar rayonunda Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda konfrans keçirilib.
Heftelik.az-ın məlumatına görə, tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, mədəniyyət işçiləri, rayon ictimaiyyəti iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyulub.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atıb. Həyatının mənasını xalqına xidmət etməkdə görən Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin nəticəsidir ki, bu gün müstəqil və demokratik Azərbaycan dövləti yaşayır və hərtərəfli inkişaf edir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirir. Ulu Öndərin siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.
Daha sonra Qarabağ Əlilləri və Şəhid ailələri İctimai Birliyinin Ucar rayon şöbəsinin sədri Rahib Rəsulov, Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Bərgüşad kənd ümumi orta məktəbin tarix müəllimi Əsmər Həmidova, Ağdaş Regional Mədəniyyət İdarəsinin Ucar rayonu üzrə nümayəndəsi Alı Babayev, Alpout kənd 2 nömrəli tam orta məktəbin direktoru Orxan Rəhimov mövzu ətrafında çıxış ediblər.