Balıq və digər su bioresurslarının qanunsuz tutulması külli miqdarda ziyan vurulmaqla törədildikdə, özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən və ya partlayıcı və ya kimyəvi maddələrdən və ya balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitələrdən istifadə etməklə törədildikdə, qoruqların ərazisində və ya fövqəladə yaxud təhlükəli ekoloji vəziyyət zonasında törədildikdə tətbiq edilən cəzalar məlum olub.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, bu əməllər üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmin əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya qabaqcadan əlbir olan bir qrup şəxs yaxud mütəşəkkil dəstə tərəfindən törədildikdə altı min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu halda “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, “külli miqdar” dedikdə isə yeddi min manatdan artıq olan məbləğ başa düşülür.