“Hakim qüvvənin əsas vəzifəsi Ermənistanın dövlət maraqlarını qorumaqdır, bütün digər məsələlər ölkənin həyatının və siyasi gündəminin tərkib hissəsi ola bilər”.

Heftelik.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu jurnalistlərə hakim fraksiyadan olan deputat, biznesmen Qurgen Arsenyan Baş nazir Nikol Paşinyanın Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı bəyanatını şərh edərkən deyib.

Arsenyan qeyd edib ki, hökumət başçısının mövqeyini tam dəstəkləyir. “Siyasi xadimlər Ermənistan əhalisindən ölkənin dövlət maraqlarına xidmət etmək üçün mandat alıblar. Ermənistanın dövlət maraqlarının gündəmdəki bütün digər məsələlərə qurban verilməsində israr edən istənilən fiqur dövlət əleyhinə fəaliyyət göstərir”, – o deyib.

Deputata Qarabağda ermənilərin yaşayıb-yaşamadığı sualı verilib. Cavabında Qurgen Arsenyan Qarabağda erməni soydaşlarının yaşadığını, lakin Gürcüstanın Cavaxetiya, Livanın paytaxtı Beyrut və ABŞ-ın Qlendeyl şəhərində də ermənilərin yaşadığını vurğulayıb, “Ermənistan vətəndaşlarının və siyasətçilərinin funksiyaları dövləti və onun maraqlarını qorumaqdır”, – deyə o buna cavab verib.

Onun fikrincə, erməni cəmiyyəti tarixi dilemma qarşısındadır və cəmiyyət “ürəyi” ilə “ağlı” arasında seçim etməlidir. Bəzən dövlət və milli maraqların ziddiyyət təşkil etdiyini deyən deputat dövlət maraqlarına üstünlük verilməli olduğunu vurğulayıb.