Bilə-bilə yalan İFADƏ

24 May 2023, 18:00

Məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etməyə görə cəzalar məlum olub.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Göstərilən şəxslər təhqiqatın, ibtidai istintaqın gedişində, məhkəmə baxışında məhkəmə tərəfindən hökm və ya qətnamə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qərar çıxarılanadək verdikləri ifadənin, rəyin və ya etdikləri tərcümənin yalan olduğunu könüllü olaraq bildirdikdə cinayət məsuliyyətindən azad olunurlar.

Məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etmə şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı törədildikdə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.