Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasına rəsmi səfərə gəlib. Səfər çərçivəsində Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə məhdud və geniş tərkibdə görüşləri, Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi  keçirilib. Mərasimdən sonra hər iki prezident mətbuata bəyanatlarla çıxış ediblər. Həmçinin həmin gün prezidentlər Azərbaycan-Litva biznes forumunda iştirak ediblər.

Qeyd edilməlidir ki, Azərbaycan ilə Litva arasında iqtisadi əməkdaşlığı dərinləşdirən güclü potensial var. Məsələn, hər iki dövlət bərpaolunan enerji sahəsinə yatırımlar baxımından eyni istiqamətdə fəaliyyət göstərir, Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi mənbələrini hərəkətə gətirir.

Hazırda Azərbaycan və Litvada bu istiqamətdə bir sıra layihələr gerçəkləşdi­rilir. Respublikamızda enerji təhlükəsizliyi mövcuddur. Lakin bununla belə, Azər­baycanın qarşısında ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün tə­biətimizin günəş və külək enerjilərindən yararlanmaq önəmli vəzifə kimi durur. Respublikamız 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatını iki dəfə artırmağı planlaşdırır. Yeri gəlmişkən, əgər 2021-ci ildə Av­ropaya təbii qaz təchizatı 8 milyard kub­metr olubsa, həmin göstəricinin bu il 12 milyard kubmetrə çatdırılacağı və bunun 2027-ci ilə qədər 20 milyard kubmetr təş­kil edəcəyi nəzərdə tutulur. Dövlətimizin başçısının sözlərinə əsasən, bu, minimal həddi təşkil edir, çünki potensial çoxdur.

Prezident İlham Əliyev mayın 22-də Vilnüsdə keçirilən Azərbaycan–Litva biz­nes forumundakı çıxışında işgüzar da­irələrin nəzərə alacaqları digər mühüm sahəyə–logistika, şəbəkələr və daşıma­larda olan böyük potensiala da toxunub. Dövlətimizin başçısı bununla bağlı deyib: “Biz daşımalar sektorunu yalnız tranzit gəlirləri baxımından yox, o cümlədən ki­çik və orta müəssisələr üçün marşrut bo­yunca istehsal qurmaq, biznes təmasları yaratmaq, xidmət göstərmək fürsəti kimi görürük”.

Həqiqətən də, ölkə rəhbərinin nitqin­də vurğulandığı kimi, bu gün Litva və Azərbaycan öz regionlarında mühüm daşımalar qovşağıdır. Bu isə Xəzər və Baltik regionları arasında şəbəkə qur­maq zərurəti yaradır. Azərbaycan neft və qaz boru kəmərləri ilə regionda tamamilə yeni vəziyyət yaradır. Bakının dəniz limanı infrastrukturuna, Xəzərdə daha çox yük daşıya biləcək əlavə gəmilərin tikintisinə böyük investisiya qoyması təbii ki, qeyd edilən bağlantıların möhkəmlənməsini, daşımaların həcminin daha da artmasını şərtləndirir. Litvanın biznes dairələrinin də bu fürsəti dəyərləndirmək üçün müna­sib vaxtdır. Bir sözlə, Azərbaycanın yük­daşımaları sistemində böyük imkanlar var. Belə bir şəraitin hazırkı geosiyasi və­ziyyətdə əlavə dəyərin əldə olunmasına da mühüm təsiri danılmazdır.

Ölkələrimiz arasında müxtəlif sahələrdə–energetika, yaşıl enerji, nəqliyyat təhlükəsizliyi, ətraf mü­hitin qorunması, gənclər, səhiyyə, pensiya islahatı, İT və mina əley­hinə layihələr üzrə əməkdaşlıq üçün sazişlər imzalanıb. Gələcək­də işğaldan azad olunan bölgələri­mizdə “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyasının qurulmasında, İT sahəsində mütəxəssislərin yetiş­dirilməsində, qeyri-neft sektoru­nun inkişafında Litva əhəmiyyətli töhfələr verə bilər.

 

İsrafil Kərimov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü