Qəbələdə baş vermiş avtomobil qəzasında 20 nəfər xəsarət alıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, xəsarət alanlar Qəbələ Diaqnostika Mərkəzinə yerləşdirilib.

Onlardan birinin xəsarəti yüngül olduğundan ilkin yardım göstərilərək evə buraxılıb. Qalan 19 nəfərə tibbi yardım göstərilməsi davam etdirilir. Onlardan iki nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Vəziyyəti ağır olanların Bakıdakı xəstəxanalara göndəriləcəyi bildirilir.

***

saat 14.29

Qəbələdə hərəkətdə olan mikroavtobusla minik avtomobili toqquşub.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hazırda hadisə yerində araşdırma aparılır, xəsarət alanların şəxsiyyətləri dəqiqləşdirilir.

TƏBİB-dən Heftelik.az-a verilən məlumata görə, Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “103” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb edilib.

Hadisə nəticəsində xəsarət alan 15 nəfər TƏBİB-in tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda vəziyyəti ağır olan 3 nəfərin müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində, vəziyyətləri orta ağır qiymətləndirilən 12 nəfərin müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir.

Əlavə məlumat veriləcək.