Kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olma təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, nəzərdə tutulmuş əməllər ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

“Kompyuter sistemi” dedikdə, müvafiq proqramlara uyğun olaraq verilənlərin avtomatlaşdırılmış işlənməsini həyata keçirən hər hansı qurğu və ya bir-birinə qoşulmuş və ya əlaqələndirilmiş qurğular qrupu başa düşülür. “Kompyuter məlumatları” dedikdə, kompyuter sistemində işlənməsi, emal edilməsi üçün yararlı olan istənilən informasiya (faktlar, məlumatlar, proqramlar və anlayışlar) başa düşülür. “İctimai əhəmiyyətli infrastruktur obyekti” dedikdə, dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən xidmətlər göstərən dövlət idarə, müəssisə, təşkilatları, qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), kredit təşkilatları, sığorta şirkətləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, investisiya fondları və bu fondların idarəçiləri başa düşülür.