İran artıq Azərbaycan vətəndaşları üçün təhlükəli bir ölkəyə çevrilib.

Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

Cavid Osmanov deyib ki, günahsız Azərbaycan vətəndaşları qondarma ittihamlarla, o cümlədən casusluq ittihamı ilə İranda həbs edilir, onlara qarşı qondarma ittihamlar irəli sürülür: “Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərlinin İranda qondarma casusluq ittihamı ilə həbs olunması da İranın əsl mahiyyətini göstərir. Bu əlbəttə ki, ilk belə hadisə deyil. Bir çox Azərbaycan vətəndaşları İran xüsusi xidmət orqanları tərəfindən bu yolla həbs edilib. Hələ 2008-ci ilin oktyabr ayında azərbaycanlı alim Rəşid Əliyev də İranda qondarma bəhanə ilə həbs edilmişdi. İran xüsusi xidmət orqanlarının məqsədi bu yolla Azərbaycan vətəndaşlarını hədələyib onları əməkdaşlığa cəlb etməkdir. Bunu edə bilmədikdə isə vətəndaşlarımıza qarşı qondarma ittihamlar irəli sürürlər. Hesab edirəm ki, Azərbaycan vətəndaşları İranın təhlükəli bir ölkə olduğunu nəzərə alaraq bu ölkəyə səfər etməkdən çəkinməlidirlər. İrana səfər edən heç bir Azərbaycan vətəndaşının təhlükəsizliyinə zəmanət yoxdur. Çünki İran Azərbaycana qarşı düşmənçilik siyasəti həyata keçirir, İrana səfər edən Azərbaycan vətəndaşlarını hədəfə götürərək onlardan ölkəmizə qarşı istifadə etməyə çalışır. Azərbaycanda İranın casus şəbəkəsinin ifşa edilməsi də bunu aydın şəkildə göstərir”.

Deputat qeyd edib ki, İranın Azərbaycana qarşı qərəzli siyasəti uzun illərdir ki, davam edir və xüsusilə də 44 günlük Vətən müharibəsindən sonra daha geniş və açıq vüsət alıb: “Müharibə zamanı İranın açıq şəkildə Ermənistanın yanında olması İranın əsl mahiyyətini ortaya qoydu. İran Azərbaycanın qələbəsini və regionda yeni reallıqlar yaratmasını həzm edə bilmir. Bu baxımdan Azərbaycan vətəndaşları bunu nəzərə alaraq İrana səfər etməyin təhlükəli olduğunu və ciddi problemlərlə üzləşə biləcəklərini nəzərə alaraq bu ölkəyə getməkdən çəkinməlidirlər”.