Keçən il  küçələrdə işləyən  və dilənçilik edən 685 uşaq aşkarlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb.

Qeyd edilib ki, hesabat ilində uşaq əməyinin istismarının qarşısının alınması üzrə həyata keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən  və dilənçilik edən 685 uşaq, eləcə də buna şərait yaradan 232 valideyn aşkarlanıb.

Nəticədə yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 619 material göndərilib, övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 48 valideyn inzibati məsuliyyətə cəlb edilməklə                   polis nəzarətinə götürülüb. Aparılmış araşdırmalarla isə uşaqların kənar şəxslər tərəfindən dilənçiliyə cəlb edilməsi faktı müəyyən edilməyib.