Yerin təkinin özəlləşdirilməməsi neft və qaz yataqlarını dövlətin sərəncamında saxlamağa imkan verir.

Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, Qazaxıstanda, Rusiyada bəzi özəlləşdirmələr aparılıb, onlar sadəcə, vergi ödəyirlər: “Digər bir məsələ diqqətimi çəkir. İnkişaf etmiş dövlətlərin əksəriyyəti ən çox dövlət borcu olan ölkələrdir. Biz niyə dövlət borcundan bu qədər çəkinirik?! Bunun konturları nələrdir?”.

Deputat Ağsuda 400-ə yaxın evin hələ də zəlzələdən sonra bərpa olunmadığını xatırladıb: “4 milyon manat ayrılmalıdır, amma ayrılmır. Ağsuda olanlarla bağlı hər il bu məsələni qaldırıram, amma həll olunmur. Burada qaldırdığımız məsələləri özümüz deyib, özümüz eşidirik, icra olunmur. Mən hələ 1998-ci ildən nə qədər təkliflər irəli sürmüşəm,  baxıram heç biri icra olunmur. Əvvəl seçicilərimiz deyirdi ki, məsələləri qaldırmırsınız. İndi isə deyirlər ki, siz məsələni qaldırırsınız, nə xeyri var ki?! Onsuz da icra olunmur. Hökumətdən xahiş edirəm ki, qaldırılan məsələlərlə bağlı mənfi, ya müsbət cavab versinlər”.