İddia ərizəsinə ETİRAZ

06 İyun 2023, 11:45

İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.

İddiaya etirazda aşağıdakılar göstərilməlidir:

– etirazın göndərildiyi məhkəmənin adı;

– işdə iştirak edən şəxsin, onun nümayəndəsinin (əgər etirazı nümayəndə təqdim edirsə), şahidin və məhkəmə iclasına dəvət etdiyi digər şəxslərin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları);

– iddianı etiraf edib-etməməsi, əgər qismən etiraf edirsə hansı hissədə;

– iddianı etiraf etmirsə, onun etirazının əsaslandığı fakt və hallar;

– istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı;

– olduğu halda vəsatətlər (hakimə etiraz etmə, üçüncü şəxslərin və (və ya) başqa cavabdehin cəlb edilməsi, əsl olmayan tərəfin əvəz edilməsi, iddia tələblərinin birləşdirilməsi və ya ayrılması, sübutların tələb edilməsi, şahidlərin çağırılması, ekspertizanın təyin olunması və s. barədə);

– əlavə olunmuş sənədlərin siyahısı.