Adətən, iltihabi xarakterli olan ağciyər xəstəliklərinin əmələ gəlməsində ətraf mühitin mənfi faktorlarının böyük rolu var.

Heftelik.az xəbər verir ki, bunu TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin 1 nömrəli Şəhər Poliklinikasının həkim-terapevti İradə Səbziyeva deyib.

Həkimin sözlərinə görə, məsələn, sənaye-istehsalat tullantıları, orqanik və qeyri-orqanik tozlar, toksik buxar və qazlar, aktiv və passiv siqaret çəkmək, uşaq yaşlarında təsadüf edilən və sonradan tez-tez müşahidə olunan tənəffüs yollarının xroniki iltihabı, allergiyalar, tənəffüs orqanlarında olan anomaliyalar, immun zəifliyi, gigiyenik qaydalara düzgün riayət olunmaması göstərilə bilər: “Öskürək, halsızlıq, hərarət olması, bəlğəm olması şikayətləri daha çox olur. Hətta bəzən bəlğəm ifrazı qanlı da ola bilir. Son illərdə ağciyər xəstəliklərində artım müşahidə olunur. Əsasən, orta yaşlı, eləcə də ahıl kişilər daha çox müraciət edir. Kompüter tomoqrafiyası aparılarkən heç bir simptomlar olmasa da, ağciyər xəstəliklərinin müxtəlif mənşəli törəmələrinə də rast gəlinir”.