Şəxsi istifadə üçün gətirilən dərmanların apteklərdə satışına yoxlamalar zamanı dəfələrlə rast gəlinib.
Heftelik.az-ın məlumatına görə, bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Mətin Məcidli deyib. O qeyd edib ki, rəsmi yolla idxal olunan dərmanların hamısının üzərində nəzarət markası və içərisində azərbaycanca içlik vərəqəsi olur:
“Analitik Ekspertiza Mərkəzinin planlı və plandan kənar yoxlamalar zamanı bu cür hallara rast gəlindiyi halda tədbir görülür. Mərkəz hər ay apteklərdə aparılan yoxlamalarla bağlı statistikanı rəsmi saytında dərc edir”.
“Apteklərdə yoxlamalar zamanı aşkarlanan qanun pozuntuları ilə bağlı cinayət işi açılmır, İnzibati Xətalar Məcəlləsi əsasında protokol tərtib edilir. Apteklərdəki qanuna zidd halları həm planlı, həm də plandan kənar, vətəndaş şikayəti əsasında müəyyənləşdirə bilirik. Şəxsi istifadə üçün gətirilən dərman vasitələrinin satışı ilə bağlı da fakt olduqda aşkarlaya bilirik”, – deyə o qeyd edib.
Mətin Məcidli həmçinin əhaliyə müraciət edərək bildirib ki, apteklərdəki dərmanlarla bağlı şikayət və təkliflərini Analitik Ekspertiza Mərkəzinin “birpəncərə” sisteminə, “Qaynar xətt”inə və ya pharma.az saytının müraciət bölməsindən elektron şəkildə müraciət edə bilərlər:
“Əhalidən xahiş edirik ki, apteklərdəki qanuna zidd halların aşkarlanması və aradan qaldırılması üçün bizə müraciət etsinlər”.
Qeyd edək ki, Milli Məclisin 6 iyulda keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı səhiyyə nazirinin müavini bildirib ki, şəxsi istifadə üçün gətirilən dərmanlar da hamısı şəxsi məqsəd üçün gətirilmir. Onun sözlərinə görə, bəzi hallarda bu, şəxsi maraq üçün gətirilir və satışı təşkil edilir. Nazir müavini qeyd edib ki, bu, çox ciddi məsələdir və bununla bağlı həm Gömrük Komitəsi, həm də AQTA ilə birlikdə işlər görülməlidir.
Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə nazir müavini ilə razılaşmayıb: “Burada nazir müavini Rasim İsmayılov dedi ki, şəxsi məqsədlər üçün gətirilən dərmanlar apteklərə satılır və bu, dərmanların keyfiyyətinin aşağı olmasına təsir edir. Bu, belə deyil. Nazirlik bunun səbəbini araşdırsın. Bu dərmanlar başqa yollarla gəlir. Yaxşı olar ki, siz onu araşdırasınız. Keyfiyyətsiz dərman gəlirsə, onun başqa mənbələrini axtarmaq lazımdır. Biz komitədə keçirilən müzakirədə də insanların şəxsi istifadə üçün dərman gətirməsinə mane olunduğu halları qeyd etmişdik. Bir insan özü üçün 3 qutu dərman gətirirsə, onun 2-ni keçirməyə qoyurlar. Bu hallar aradan qaldırılmalıdır. Dərmanların keyfiyyətinin aşağı olmasına səbəb olan başqa hallar araşdırılmalıdır. Keyfiyyətsiz dərmanları gətirənlər araşdırılmalıdır. Bunlar şəxsi istifadə üçün gətirən vətəndaşlar deyil”.
Spiker Sahibə Qafarova qeyd edib ki, Rasim İsmayılov nazirlik tərəfi olaraq etiraf edir ki, belə hallar var: “Mən də təklif etdim ki, bizə bu barədə məlumat versin”.
