Azərbaycanda bir mənzilin bir neçə şəxsə satılması ilə bağlı problem sonadək həllini tapmayıb.

Heftelik.az-ın məlumatına görə, bunu bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc “Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, təmizlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları” mövzusunda konfransda bildirib.

Zahid Oruc deyib ki, Əfv Komissiyasının iclaslarında belə müraciətlərlə tez-tez qarşılaşırlar: “Mənzil almaq istəyən vətəndaşı aldanmaqdan sığortalamaq və daşınmaz əmlakın yalnız ona satıldığının hüquqi təminatı olmalıdır. Başqa ölkələrdə yoxlama üçün reyestr-sənədlərin və əmlakın qeydiyyat bazası mövcuddur. Qeyri rəsmi məlumatlara görə, bir mənzilin bir neçə şəxsə satılması cinayətinin qurbanı olan şəxslərin sayı 5250 nəfərdir. Nəzərə alsaq ki, hər vətəndaşın minimum 4 nəfərlik ailə tərkibinə malikdir, onların məruz qaldığı stress və maliyyə itkiləri hökumətdən bu sahədə təsirli tədbirlər görməyi tələb edir. Onu deyək ki, Azərbaycandan Avropa Məhkəməsinə müraciətlərin 90 faizə qədəri mülkiyyət hüquqları ilə bağlıdır” .