“Kokain kralı” Türkiyədə yaxalanıb.
Heftelik.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Albaniyada gənc yaşda narkotik ticarətinə başlayan və ətrafına topladığı adamlarla qısa müddətdə beynəlxalq cinayətkar şəbəkə qurmağa nail olan Dritan Rexhepi Cənubi Amerikadan Avropaya kokain daşınmasını təmin edib.
“Albaniyalı Çapo”
İtaliya hüquq-mühafizə orqanlarına görə, Dritan Rexhepi Albaniyada 14 cinayətkar qrupdan ibarət qruplaşmanın – kartelin rəhbəridir. “Kompanio Bello” cinayətkar qruplaşmasına – kartelinə rəhbərlik edən Dritan Rexhepi “Albaniyalı Çapo” kimi də tanınıb. “Çapo” Meksikanın ən məşhur narkotaciri olan, yaxalandıqdan sonra 2014-cü ildə həbsxanadan qazdırdığı tunellə qaçan, başına 5 milyon dollar mükafat qoyulan, 2016-cı ildə təkrar yaxalanan və hazırda ABŞ-da ömürlük həbs cəzası çəkən Joaqiun Quzmanın ləqəbi olub.

“Albaniyalı Çapo” da xələfindən geri qalmayıb. Albaniyada bir polisi öldürdüyü, İtaliyada və Belçikada narkotik ticarətində əsas fiqurlardan birinə çevrildiyi üçün axtarışda olub. Dritan Rexhepi 2008-ci ildə İtaliyaya ekstradisiya edilməsi üçün Hollandiyada tutulub, ancaq 2011-ci ildə İtaliyada həbsxanadan qaçıb. Eyni ildə İspaniyada tutulub və Belçikaya ekstradisiya olunub. Ancaq Belçikada da həbsxanadan qaçmağı bacarıb. Cənubi Amerikadan Avropaya böyük həcmdə kokain yükləri gətirməsi ilə adı qısa müddətdə “Kokain kralı” kimi çəkilməyə başlayıb.
Üçüncü qaçış
Avropaya çatdırmaq üçün kokain aldığı Ekvatorda olduğu xəbərləri yayılıb. 2014-cü ildə Ekvadorda yaxalanıb və 14 il həbs cəzasına məhkum olunub. İtaliya və Albaniya onun dərhal ölkələrinə ekstradisiya edilməsini istəyib. Ekvador isə bu ölkədə həbs müddəti başa çatandan sonra Dritan Rexhepinin ekstradisiyasının həyata keçiriləcəyinə söz verib. Ancaq Dritan Rexhepi 2021-ci ildə həbsxanada səhhətində problemlər yarandığını bildirib və məhkəmə ona ev həbsi verib. Ancaq ondan sonra aradan yenə çıxıb. Artıq 2022-ci ilin noyabrında Ekvador Dritan Rexhepinin ölkədə olmadığını açıqlayıblar.
“Kokain kralı” kartelini İstanbuldan idarə etməyə başlayıb…
İstanbul polisi İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Dritan Rexhepinin İstanbul hava limanından Türkiyəyə daxil olduğu barədə məlumat əldə edib. Türkiyəyə gələrkən o, Benjamin Omar Perez Garcia adına düzəldilmiş saxta Kolumbiya pasportundan istifadə edib. Poli onun Beylikdüzündə bir malikanədə qaldığını müəyyənləşdirib. Dritan Rexhepinin yaxalanması üçün əməliyyat keçiriliməsi qərara alınıb və malikanəyə dedektor köpəklərlə birgə basqın həyata keçirilib.
“Kartel” adı verilən əməliyyatda malikanənin qapısı sındırılıb və polislər malikanəyə daxil olub. Dritan Rexhepi malikanədən qaçmağa çalışsa da, bu cəhdi baş tutmayıb və saxlanılıb.
Türkiyə daxili işlər naziri Ali Yerlikaya bu gün sosial media hesabında bu barədə paylaşım edib və ölkəni mütəşəkkil cinayətkar qruplaşmalardan, zəhər tacirlərindən təmizləməkdə qərarlı olduqlarını vurğulayıb…
