“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Heftelik.az-ın məlumatına görə, Qurban Qurbanovun yetirmələri V turda Norveçdə yerli “Molde” klubunun qonağı olub.
“Aker” stadionunda təşkil edilən qarşılaşmada hesabı 12-ci dəqiqədə Ağdam təmsilçisi açıb. Juninyo 12-ci dəqiqədə qapıçı ilə təkbətək şansı əldən verməyib. Lakin Azərbaycan çempionu üstünlüyünü qoruya bilməyib. Kristian Eriksen 82 və 87-ci dəqiqələrdə vurduğu 2 qol sayəsində norveçliləri önə keçirib. Buna baxmayaraq, “Qarabağ” məğlubiyyətdən qurtulub. 90+5-ci dəqiqədə Bəhlul Mustafazadə görüşdə son nöqtəni qoyub – 2:2.
Bu nəticədən sonra xallarının sayını 7-yə yüksəldən “Qarabağ” ikinci pillədəki yerini qoruyub. Eyni xala malik “Molde” isə üçüncü yerdə qalıb. Ağdam təmsilçisi minimum UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib.
Qrupun digər oyununda Almaniyanın “Bayer” klubu səfərdə İsveç təmsilçisi “Hekken”i 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, “Qarabağ” yer aldığı H qrupunda son matçını dekabrın 14-də Bakıda İsveç klubu “Hekken”ə qarşı keçirəcək.