Hərbi qüdrətin nümayişi

13 Dekabr 2023, 10:36

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir.”

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır.”

2020-ci il dekabrın 10-da  Bakının Azadlıq meydanında 44 Günlük müharibədə Azərbaycanın qazandığı böyük qələbə şərəfinə keçirilən Zəfər paradı tariximizə qızıl hərflərlə həkk olunub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır.

Zəfər Paradında 3000 əsgər və zabitimizlə yanaşı, qardaş, dost Türkiyənin qoşun birləşmələrinin nümayəndələrinin də iştirak etməsi  düşmənə və onun arxasında dayanan böyük güclərə Azərbaycanın tək olmadığına dair bir mesaj idi. Qürur verici hadisələrdən biri də zəfərimizin rəmzi sayılan Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçilərinin şəhər üzərində qaldırdığı Zəfər bayrağının parada gətirilməsi idi.

Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Bu, ilk növbədə hərbi qüdrətin nümayişi olaraq, dövlətimizin yerləşdiyi regionda nəinki iqtisadi, eyni zamanda ordu quruculuğunun NATO standartları səviyyəsində inkişafının nümayişi anlamını da verirdi.

Ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar və hərbi nəqliyyatın sərgiləndiyi Hərbi Qənimətlər Parkında düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları və dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar daha çox diqqət çəkir.

Azərbaycan bütün dünyaya  öz gücünü, qüdrətini, sarsılmaz iradəsini nümayiş etdirdi. 2020-ci il dekabrın 10-da Azadlıq meydanında keçirilən möhtəşəm hərbi parad həm də Türkiyə-Azərbaycan qardaşlığının nümayişi idi.

Azərbaycan xalqı tarix boyu əzəli vətən torpaqlarını qorumaq üçün mərdliklə vuruşub, qanı və canı bahasına öncə müstəqilliyimizi qurmağa, sonra isə onu qorumağa çalışıb.

Bu Zəfərimiz həm də uzun müddətdir ki, ölkədə mövcud olan siyasi sabitlik və vətəndaş birliyinin təzahürü idi. Xalqın dəstəyini hiss edərək  aparılan inamlı islahatların nəticəsində nail olunan iqtisadi inkişaf qələbənin əsasını təşkil etmişdir.

 

İradə Nəbiyeva

Nəsimi rayonu 247 nömrəli tam orta məktəbin müəllimi