Zəfər bayrağı  

13 Dekabr 2023, 10:40

Zəfər – bu söz “dəmir yumruq” kimi iradəli, dayanıqlı, canla, qanla birləşən xalqımın birliyini nümayiş etdirən sözdür. Beş hərifli söz necə də asan oxunur, ancaq bu söz boğazımızda düyümlənən neçə şəhid analarının ah-naləsini, ataların ürəyinə axıtdığı göz yaşını özündə cəmləşdirir. Zəfər bayrağı isə üç rəngin ahəngi, uyğunluğu ilə zəfərimizi rəngləndirdi. Zəfər bayrağı bizim təkcə qələbəmizi göstərmədi, həm də bir millətin lazım gəldikdə birlik nümayişini, şəhid analarının ürəyindəki ağrını, şəhid atalarının, çiynindəki yükləri, şəhid uşaqlarının atasızlığını, şəhid bacılarının “uca dağlarının “sarsılmazlığını” şəhid yarlarının  isə qəlbindəki    yarım  qalmışlığı  göstərir. Mavisinə, qan qırmızısına, yaşılına bürünən bu bayraq, millətimizin həsrətini, qürurunu, namusunu göstərən bayraqdır. Mavi rəng – şəhid övladlarının göz yaşlarını göstərən rəng, qırmızı – şəhidlərin namusla axan qanını yaşıl isə Xarı bülbülün yarpağının rəngini göstərir. Həmin Xarı bülbül ki, bir gül deyil, bu bizim qayıdışımızın, həsrətimizə son qoyuluşumuzun carçısıdır. Zəfər bayrağı indi Şuşanın Cıdır düzündə, ən uca zirvələrində dalğalanır. ”Qanadı qırılmış “xalq tarix boyu yaralı qanadlarla gəzib, arada qanadı qanayıb da, amma yenə də uca göylər də uçmaq üçün çalışıb. İndi o “qanadı qırılmış “quş ən uca göylərdə qürurla süzülür. Artıq o üçrəngli mavisinə, qan qırmızısına, yaşılına bürünən zəfər bayrağımız indi Mehdi xanın atını çapdığı, Natəvanın məclis qurduğu torpaqlarda dalğalanır.

28 illik kədəri ,həsrəti bitirdiyin üçün çox sağol, Azərbaycan əsgəri !Qara tariximizi ,qanınla qırmızıya boyadığın üçün sənə bir ömür ehtiram olsun ruhun şad olsun, xalqın ucalıq yeri – şəhidi!

 

Bilqeyis Məmmədova

Azərbaycan Dillər Universiteti