Hələ qədim dövrlərdən zənginliyi başına dərd olmuş Azərbaycanım, daim sərhədlərinin pozulması və ərazisinin işğal edilməsi təhlükəsiylə üzləşib. Bu zənginliklərimizə göz dikən mənfur düşmənlərimiz isə hər zaman döyüş meydanında məğlubiyyətə uğradılıb. Belə döyüşlərdən biri də Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan 44 günlük Vətən Müharibəsidir. Azərbaycanlılar üçün hər zaman öz aktuallığını qoruyub, saxlamış olan Qarabağ məsələsi məhz 8 Noyabr, 2020-ci ildə öz həllinə qovuşmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun nişanəsinə çevrilən, bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında “Zəfər Günü” kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.
10 Dekabr, 2020-ci ildə Bakıda-Azadlıq meydanında keçirilən bu parad daha əvvəl keçirilmiş bütün parad və yürüşlərdən bir qədər fərqlənirdi. Bu parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Bu, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi. Prezident İlham Əliyevin paradın xüsusi önəmini bu sözlərlə vurğulamışdır: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”.
Parad zamanı Azərbaycan Ordusunun döyüş meydanlarında məhv edərək, özünə qənimət kimi götürdüyü düşmənin hərbi texnikaları da nümayiş etdirilib.
Xüsusilə vətənin ən çətin günlərində bir yumruq tək birləşməyi bacaran Azərbaycan xalqı hərbi parad zamanı da öz vətənpərvərliyini göstərməyi bacarıb. Hər il Zəfər günü şərəfin yüzlərlə azərbaycanlı ətraf ərazilərdən Bakıya gələrək, hərbi paradlarda iştirak edir, Bakı şəhərində yerləşən Zəfər muzeyini, eləcə də Vətən müharibəsi memorial kompleksini ziyarət edirlər.
Vurğulamaq lazımdır ki, bizə bu qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandanımız – İlham Əliyev parad zamanı da Azərbaycan xalqını tək qoymamış, birbaşa özü bu paradlarda iştirak etmişdir.
Qələbə ən çox sənin haqqındır və ən çox da sənə yaraşır, Azad Azərbaycanımız !
Xalidə Quluzadə
Azərbaycan Dillər Universiteti