Daxil olunmuş daktiloskopik kartlar və DNT analizi nəticəsində əldə olunmuş DNT profilləri şəxsiyyətin eyniləşdirilməsi məqsədilə müqayisəli yoxlamaların aparılması üçün sistemləşdirilərək DİN KTİ tərəfindən müvafiq məlumat banklarına daxil edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.
Daktiloskopik məlumat bankı üzrə:
– Elektron formada daxil olmuş və dövlət daktiloskopik qeydiyyatına götürülmüş daktiloskopik xəritə birbaşa olaraq DİN KTİ tərəfindən məlumat bankına daxil edilir;
– Kağız formasında daxil olmuş və dövlət daktiloskopik qeydiyyatına götürülmüş daktiloskopik xəritədə olan məlumatlar mütəxəssis tərəfindən daxil edilərək, əl əkslərinin elektron surəti çıxarılır. Hazırlanmış elektron formanın tələblərə uyğunluğu yoxlanıldıqdan sonra məlumat bankına daxil edilir. Daktiloskopik xəritənin skan edilmiş surəti elektron formada saxlanılır, kağız forması isə məhv edilir;
– Daktiloskopik xəritələr daktiloskopik məlumat bazasına daxil edildikdə avtomatlaşdırılmış daktiloskopik eyniləşdirmə sistemi vasitəsilə müqayisəli eyniləşdirməsi aparılır. Uyğunsuzluq aşkar edildikdə fakt araşdırılır və qeydiyyatı aparan orqanlara məlumat verilir;
– Daktiloskopik xəritəsi məlumat bazasında olan hər hansı bir şəxs barəsində yeni daktiloxəritə daxil olduqda, onlar müqayisə edilir, tam uyğunluq varsa, daha yararlısı saxlanılır. Fərqləndirici əlamətlər olduqda, onun səbəbi araşdırılır, düzgün daktiloxəritə müəyyən edilir və əvvəlki qeydiyyat sənədlərində də düzəlişlər aparılır. Fərq barmaq xəstəliyi və ya barmağın kəsilməsi və s. ilə əlaqədar olarsa, hər 2 (iki) daktiloskopik xəritə saxlanılır.