Xəbər verdiyimiz kimi, fevralın 6-da Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti məqsədilə aparılan monitorinq çərçivəsində Bakının məşhur “Dostluq” kinoteatrının damında və fasad hissəsində işlərin aparılması müəyyən edilərək dayandırılıb, mülkiyyətçiyə binanın ornamentlərini saxlamaq şərtilə bərpa-bərkitmə işlərinin aparılması ilə bağlı aidiyyəti göstərişlər verilib. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti də məlumat yayaraq aidiyyəti qurumların əməkdaşları ilə birgə tikiliyə baxış keçirildiyini açıqlayıb. Qeyd edilib ki, binanın qorunması, qəzalı vəziyyətə düşmüş memarlıq elementlərinin bərpası, eləcə də binada möhkəmləndirmə işlərinin aparılması planlaşdırılıb: “Azadlıq prospekti 76 ünvanında yerləşən “Dostluq” kinoteatrının binası dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil deyil. Kinoteatrın binası xüsusi mülkiyyətdədir. 1952-ci ildə inşa olunan tikilinin tarixi əhəmiyyəti nəzərə alınaraq daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsi ilə bağlı təkliflərə baxılır”.
Beləliklə, Mədəniyyət Nazirliyinin yeni rəhbərliyi hərəkətə keçərək qəti addım atmağa qərar verib və kinoteatrın daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsinə baxır. Bu isə mədəniyyət naziri Adil Kərimlinin Əbülfəs Qarayevin mədəniyyətdəki biabırçılıqlarından birini aradan qaldırması yönündə bir addımı olacaq.
Heftelik.az-ın araşdırması zamanı “Dostluq” kinoteatrını özəlləşdirən bacarıqlı iş adamının kim olduğu üzə çıxmışdı. Məlum olmuşdu ki, “Dostluq” kinoteatrı Mədəniyyət Nazirliyinin (keçmiş Mədəniyyət və Turizm Nazirliyi) balansılnda olub, keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin “fərasət”i sayəsində 2017-ci ilə özəlləşdirilməyə çıxarılıb, özəlləşdirilib. Kinoteatrı xüsusi mülkiyyətinə keçirən Rasim Salmanovdur. Rasim Salmanov “Bizim Market” mağazalar şəbəkəsinin və köhnə “Maşın bazarı”nın sahibi kimi daha məşhur olub. 2017-ci ildə iş adamının baldızı Həcər Quliyeva və baldızının oğlu Sahib Quliyevi həbs etdirməsi də diqqət çəkib. iş adamı Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində arvadının bacısını və onun oğlunu “Bizim market” şəbəkəsindən 4 milyon manatdan çox vəsaiti oğurlamaqda ittiham edib.
Heftelik.az-ın araşdırması zamanı daha bir maraqlı məqam üzə çıxıb. Məsələ ondadır ki, “Dostluq” kinoteatrının sökülərək yerində çoxmərtəbəli bina tikilməsi yönündə ilk xəbər isə 2021-ci ilin iyununda yayılıb. Ancaq həmin vaxt da məlumat cəmiyyətdə ajiotaja səbəb olduğundan söküntü məsələsi baş tutmayıb. Bundan sonrakı dövrdə isə binanın daha baxımsız vəziyyətə düşməsi prosesinin nəinki qarşısı alınıb, binada memarlıq elementlərinin bərpası üçün aidiyyəti qurumlara müraciət edilib, əksinə, görünən odur ki, binanın daha baxımsız vəziyyətə düşməsinə bir növ şərait yaradılıb. Bu baxımdan sosial şəbəkələrdə məhz gələcəkdə bina tikintisi üçün kinoteatrın dağılmasına çalışılması versiyası diqqət çəkməyə bilməz.
Heftelik.az-ın əldə etdiyi məlumata görə, məsələni xüsusi nəzarətə götürən mədəniyyət naziri Adil Kərimli artıq az qala Bakının simvolllarından biri sayılacaq bina üzərində oyuna son qoyulması üçün birmənalı tapşırıq verib.