Fərid Əhmədov ədliyyə naziri təyin edilib.

Heftelik.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Qeyd edək ki, Fərid Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub. O, 2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini, 2002-ci ildə beynəlxalq hüquq üzrə magistr təhsilini bitirib. 2003-cü ildə “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb.

2009-cu ildə doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdçüsü olaraq daxil olub və 2016-cı ildə həmin universitetin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Fərid Əhmədov 2006-2007-ci illərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

2015-2017-ci illərdə “Azərbaycan” Universitetinin rektoru, 2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.

2021-ci ildən 24 may 2022-cü ilədək rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri, 24 may 2022-cü ildən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olub.

Rus və ingilis dillərini bilir.