Taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısı təsdiq edilib.
Heftelik.az-ın məlumatına görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Qərara əsasən, taksi sifarişi operatorları tərəfindən “AYNA” informasiya sisteminə aşağıdakı adsızlaşdırılmış məlumatlar real vaxt rejimində ötürülür:
– taksi minik avtomobilinin hər bir statusuna uyğun olaraq tarix və vaxt;
– taksi sifarişinin statusu (aktiv (sürücü sərnişini götürməyə gedir), imtina edilib (sifariş sərnişin və ya sürücü tərəfindən ləğv edilib), icra edilir (daşıma həyata keçirilir), icra edilib (daşıma başa çatıb);
– taksi sifarişinin hər bir statusuna münasibətdə tarixi və vaxtı;
– taksi sifarişi üzrə tətbiq olunan tarif, gediş haqqı və gediş haqqının ödənişi üsulu (nağd və ya nağdsız qaydada);
– daşıyıcının vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamə üzrə məlumat;
– taksi minik avtomobilinin dövlət qeydiyyat nişanı;
– taksi minik avtomobilinin yeri, marşrutu və sürəti;
– taksi minik avtomobilinin sifariş statusu (boşdur, boşdur – sifarişi qəbul edir, məşğuldur – sərnişin daşıyır, məşğuldur – sərnişin
daşımır və sifariş qəbul etmir);
– taksi minik avtomobilinin sürücüsünün sürücülük vəsiqəsinin seriyası və nömrəsi;
– taksi minik avtomobilinin sürücüsünün iş və istirahət vaxtının başlanğıc, son tarixi və vaxtı.