Şəxsin cinayət törətməsinə bilavasitə şübhə yarandıqda təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokurorun onun tutulmasını hansı hallarda tətbiq edə biləcəyi açıqlanıb.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Şəxsin cinayət törətməsinə bilavasitə şübhə yarandıqda təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror onun tutulmasını aşağıdakı hallarda tətbiq edə bilər:

– şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda;

– zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə;

– şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda.