“Nazirlər Kabinetinin (2016-cı il 5 fevral tarixli) 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qərar birmənalı olaraq ehtiyacı olan ailələrin bu yardımı almasını əngəlləyir.
Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, qərarın 3.7.2., 4 və 5-ci bəndləri acınacaqlı vəziyyətdə yaşayan və hətta kömək edənlər olmasa, acından öləcək vətəndaş və ailələrin ünvanlı sosial yardım almasını əngəlləyir: “Ailənin orta aylıq gəlirinin hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda, ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda, ailənin işləməyən üzvü Dövlət Məşğulluq Agentliyi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə bəndləri o ailələrin yaşadıqları reallıqlarla tərs mütənasibdir. Agentlik iş təklif edir, amma işəgötürəni məcbur edə bilməz. Sadəcə, bu, ötür-ötür oyunudur. Yüzlərlə o ailələrlə görüşmüşəm və reallığı sizə deyirəm. Bu qərarı dəyişin, cənab Baş nazir. Bu məsələdə real vəziyyəti bilmək istəyirsinizsə, sizinlə görüşüb əsaslandıra bilərəm. Siz özünüz də görəcəksiniz ki, dediklərimdə zərrə qədər də olsun şişirtmə yoxdur. O çarəsizlərin səsini sizə çatdırıram”.
Deputat nəzərə çatdırıb ki, məcburi köçkünlərə verilən vahid aylıq müavinət (“çörək pulu”) ərindən boşanmış məcburi köçkün qadınlara şamil edilmir: “Məcburi köçkün qadının ərindən boşanandan sonra köçkün statusunun bərpası və çörək pulunun verilməsinin bərpası vacibdir. Müavinət Nazirlər Kabinetinin (2017-ci il 24 yanvar tarixli) 11 nömrəli qərarı ilə təsdiq edilmiş Qayda əsasında təyin edilir. Bu qaydalara yeni bir bənd əlavə edilməsini və məcburi köçkün qadın məcburi köçkün olmayan ərindən boşanandan sonra onun köçkün statusunun bərpa edilməsini təklif edirəm ki, onlar da çörək pulu ala bilsinlər. Ümid edirəm ki, Nazirlər Kabineti bu təklifimi dəyərləndirib müvafiq düzəlişi edəcək”.