Yevlax şəhər 4 saylı orta məktəbin kollektivi yeni təşəbbüslə çıxış edirlər.
Heftelik.az-ın məlumatına görə, məktəbdə vaxtilə bu təhsil ocağında işləmiş qocaman müəllimlərlə görüş keçirilir.
Martın 15-də Yevlax şəhər 4 saylı orta məktəbin rəhbər və kollektivi adından həmin məktəbin məzunu və 35 il orada İbtidai sinif müəllimi və direktor müavini kimi çalışmış Ruqiyyə Abdurəhimovaya ənənəyə sadiq qalaraq dəyərli hədiyyələr təqdim olunub.
Direktor Zərif Mehdiyeva təbrikində deyib ki, gənclikdə qazanılan bilik qocalıqda müdriklik deməkdir: “Yeniyetmələrimiz, gənclərimiz müdrikliyə doğru inamla addımlamalı, biliklərə dərindən yiyələnməli, məktəbi kamil bir vətəndaş kimi bitirməlidirlər. Bu baxımdan şərəfli həyat yolu keçmiş müəllimlərimizin tövsiyələri onlar üçün çox qiymətlidir”.
Hədiyyəni həm Ruqiyyə Abdürəhimovanın tələbəsi olmuş, həm də hazırda məktəbin tədris işləri üzrə müavini Gövhər Məmmədova və təlim işləri üzrə müavini Nərminə Abbasova təqdim edib.
Ruqiyyə Abdurəhimova göstərilən diqqətə görə təşəkkürü bildirib, ölkəmizin gələcək inkişafı üçün Azərbaycana layiqli vətəndaşlar yetişdirmək yolunda təhsil işçilərinə uğurlar arzulayıb.
Qeyd edək ki, Ruqiyyə Abdurəhimovanın əməyi dövlət tərəfindən də yüksək qiymətləndirilib və o, Tərəqqi medalı ilət təltif olunub.