Göygöldə Tunc dövrünə aid kurqanların olduğu ərazi Gəncə şəhərinə yaxın olduğu üçün baha qiymətə tikinti işlərinin aparılması üçün satılıb və satılmaqda davam edir.

Heftelik.az-ın məlumatına görə, Göygöl Rayon İcra Hakimiyyətinin “himayəsi altında” bələdiyyə tərəfindən satışı həyata keçirilən torpaqlardakı kurqanların dağıdılmasının qarşısını almaq üçün deputat Naqif Həmzəyev və bir sıra ziyalıların yerli səviyyədə etirazları isə görməzdən gəlinib.

Mədəniyyət Nazirliyi də hansısa maraqlar naminə Azərbaycan tarixinin məhvinə seyrçi mövqedən yanaşmağa üstünlük verib. Məhz bütün bunların deputatın dünən parlamentdə Nazirlər Kabinetinin hesabatını təqdim edən Baş nazir Əli Əsədova üz tutmasına səbəb olduğu aydın olub. Bununla da əslində Göygöl Rayon İcra Hakimiyyətinin və Mədəniyyət Nazirliyinin “işbirliyi” həm də ifşa olunub. Ancaq bunun fonunda Göygöl Rayon İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyi susqunluğu məsələnin “böyüməməsi” və kurqanların yerləşdiyi torpaqların satışının davam etməsi yönündə niyyətlərinin olduğundan xəbər verir.

Qeyd edək ki, dünən Milli Məclisin iclasında çıxış edən Naqif Həmzəyev bildirib ki, Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur.  Deputat deyib ki, Gəncədə Heydər Əliyev Park kompleksinin yaxınlığında yerləşən Tunc dövrünə aid kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur: “Bu ərazinin xüsusi qoruq ərazisinə çevrilməsi və ya Heydər Əliyev Park kompleksinin ərazisinə birləşdirilməsini təmin etmənizi xahiş edirəm”.

Söhbət Göygöl rayonunun Quşqara bələdiyyəsinin ərazisində, Gəncə şəhərinin Heydər Əliyev parkına yaxın ərazisində, Gəncə-Şəmkir yolunun sağında, Quru qobunun sol tərəfində və Quşqara bələdiyyəsinin ərazisində yerləşən kurqan tipli qəbirlərdən gedir. Qazıntılar nəticəsində müəyyən edilib ki, əslində kurqan kimi təqdim edilən abidələr sadəcə kurqan tipli qəbirlər olub və Azərbaycanın son tunc dövrü köçəri tayfalarının adət-ənənələrini və həyat tərzini əks etdirir. Yəni Gəncə şəhərinin Heydər Əliyev parkına yaxın ərazidə yerləşsə də, kurqanların  Göygöl rayonunun inzibati ərazisində yerləşir.

“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən, yerli icra hakimiyyətləri müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etməli, istehlakçıların mallarda (işlərdə, xidmətlərdə) nöqsanlar, yaxud təhlükəli mallar (işlər, xidmətlər) aşkar etdikləri hallarda bunlar barədə malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə nəzarəti həyata keçirən aidiyyəti dövlət orqanlarına xəbər verməli, mülkiyyətçilərin üzərinə əlavə vəzifələrin qoyulmaması şərtilə müvafiq ərazidə görülən işləri əlaqələndirməlidir.

Qeyd edək ki, 2022-ci ilin 25  iyuldan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, 14 aprel 2023-cü ilin aprelindən mədəniyyət naziri Adil Kərimlidir.