Moskvada törədilən terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Heftelik.az  xəbər verir ki, bu barədə “Al-Arabia” məlumat yayıb.

Bununla belə, hələ ki,  İŞİD-in teleqram kanalında və digər rəsmi səhifələrində qruplaşmanın terror aktını öz üzərinə götürməsi barədə heç bir bəyanat və açıqlama yoxdur.

Xatırladaq ki, bu gün Moskvada yerləşən “Crocus City Hall”  konsert salonuna silahlı hücum olub.

“Telegram” kanalları şahidlərə istinadən konsert zalına hücum edənlərin 5 nəfər olduğu və üzərlərində də zirehli gödəkcələr olduğu barədə məlumat yayıblar. Binada partlayış və yanğın da olub.

Rusiya Federal Təhlükəsizlik xidməti terror aktı nəticəsində 40 nəfərin öldüyünü, 100-dən çox insanın yaralandığını açıqlayıb.

Qeyd edək ki, “Crocus City Hall”  Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən konsert zalıdır. “Crocus Group”-un təsisçisi Araz Ağalarov “Crocus City Hall” konsert zalının inşasına 70 milyon dollar sərmayə yatırıb. Zal 2009-cu il oktyabrın 25-də açılıb və Müslüm Maqomayevin xatirəsinə adlandırılıb.