Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycana qaytarılmalı olan kəndlərdən danışıb.

Heftelik.az-ın “news.am”-a istinadən verdiyi məlumata görə, Alen Simonyan bu gün parlamentdə jurnalistlərlə söhbətində Qazaxın işğal altındakı 4 kəndinin Azərbaycana qaytarılması məsələsinə toxunub.

“İndi biz buranı Ermənistan ərazisi hesab edən insanları axtarırıq. Mən o adamları axtarıram ki, gəlib Ermənistan ərazisində olduqlarını sübut edəcəklər. Ermənistan Sovet İttifaqının yaradılmasından tutmuş Ermənistanın müstəqilliyinə qədər bütün xəritələrdə öz ərazisini metr-metr göstərə bilər. Tavuş sakinləri Ermənistanla Azərbaycan arasında xəttin harada olduğunu bilirlər”, – Simonyan bildirib.

O, hətta Gürcüstana gedən yolda dayanıb hansı ərazilərin Azərbaycana məxsus olduğunu göstərdiklərini də deyib.

Simonyan müxalifətin bununla bağlı gərginlik yaratmağa çalışdığını vurğulayıb.

Ermənistan parlamentinin sədri işğal altında olan 8 kəndlə bağlı Azərbaycanın hərbi əməliyyat keçirəcəyini istisna etməyib.

“Azərbaycanlılar bu barədə açıq danışırlar”, – Simonyan əlavə edib.

Qeyd edək ki, hazırda Azərbaycanın 8 kəndi Ermənistanın işğalı altındadır. Qazax rayonunun Yuxarı Əksipara, Balxudarlı, Sofulu kəndləri və Sədərək rayonunun Kərki kəndləri anklavlardır. Qazax  rayonunun Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndləri isə sərhəddə yerləşir. Buna görə də ilkin mərhələdə məhz sərhəddə yerləşən 4 kəndin azad olunması zəruri sayılır. Martın 9-da Baş nazirin müavini Şahin Mustafayev də bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndi  (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir”. Qeyd edilib ki, Delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq.