Martın 26-da Binəqədi rayon sakini, 1979-cu il təvəllüdlü Aynurə Mehdiyeva yaşadığı binadakı liftin qapıları arasında qalması nəticəsində aldığı xəsarətlərdən ölməsi diqqəti binalardakı liftlərlə bağlı problemlərə yönəldib.

Heftelik.az-ın məlumatına görə, bu gün Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib.

Müşavirədə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin fəaliyyəti ciddi tənqid edilib. Qeyd edilib ki, martın 26-da Binəqədi rayonunda baş vermiş hadisə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində komissiya yaradılıb və hüquq-mühafizə orqanları ilə birgə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin fəaliyyətinin hərtərəfli yoxlanılması aparılır.

Yol verilən nöqsanlara görə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin direktoru Xalid Ələkbərova şiddətli töhmət elan edilib və Komissiyanın yekun rəyinə əsasən onun tutduğu vəzifədə qalıb-qalmayacağına dair qərar veriləcəyi qeyd edilib. Eyni zamanda “Bakımənzilavtomat” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi İlham Hüseynov və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə araşdırma müddətində vəzifələrindən kənarlaşdırılıblar. Həmçinin Binəqədi rayon təsərrüfat xidmətlərinin rəhbərlərinə xəbərdarlıq edilərək rayon rəhbərliyinə onların şəxsi məsuliyyət məsələsinə baxılması tövsiyə edilib.

Qeyd edək ki, özəl şirkətlərin tikdiyi binalarda da liftlərlə bağlı problemlər son dövrlər diqqət çəkir. Məsələn, bu ilin yanvarında  Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, 2980/81 ünvanındakı sakinləri binanın 1-ci mərtəbəsindən 6-cı mərtəbəsinə qaldıran lift sonuncu mərtəbədə relsdən çıxaraq sürətlə aşağı düşmüş, nəticədə 4 nəfər xəsarət almışdı. Lifti qırılan bina “Şərur” MTK-nın balansında olub.

“Şərur” MTK-nın Mətbuat Xidmətinin rəhbəri Tünzalə İsmayılova isə baş verən hadisə ilə bağlı sorğuya cavab olaraq liftin qırılmasını yükün ağır olması ilə əlaqələndirməyə çalışmışdı: “Dəfələrlə bu barədə sakinlərə xəbərdarlıq olunub, hətta bir dəfə də bu barədə elan liftin qapısına yapışdırılıb. Bu hadisə zamanı da liftə yük çox vurulub. Başqa problem yoxdur. Onu da deyim ki, sonuncu dəfə liftə FHN tərəfindən ötən il baxış keçirilib”.

MTK rəsmisi onu da əlavə edib ki, lifti qırılan bina “Universal Servis” MTK tərəfindən 2008-ci ildə inşa edilib. Lift də binaya elə həmin ildə quraşdırılıb:

“2019-cu ildə isə bina istismara verilib. Lakin sakinlərin məskunlaşması 20 ilə yaxındır. Binada xidmət sakinlərin təyin etdiyi fiziki şəxs tərəfindən göstərilir.

Onu da qeyd edək ki, “Şərur” MTK “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsusdur.

Məlumat üçün bildirək ki, bundan əvvəl də “Şərur” MTK-ya məxsus başqa binanın liftində bənzər problem yaşanıb. Söhbət paytaxtın Nərimanov rayonunun Bakıxanov küçəsi, 66 ünvanında yerləşən “Şərur” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasından gedir.

Həmin binanın liftinin qəzalı vəziyyətdə istismar olunması barədə şikayətlər yayılmışdı. Sözügedən binadakı liftin “İrəvan SSR” lift zavodunun istehsalı olduğu məlum olmuşdu.

Ancaq liftin qırılmasından, şikayətlərdən sonra “Şərur” MTK və Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovla bağlı hansı addımların atılması barədə ictimaiyyətə hər hansı məlumat açıqlanmadı.

Baş verən son hadisə isə göstərir ki, faciələrin qarşısını almaq üçün artıq “Şərur” MTK və digər MTK-ların balansında olan binalardakı liftlərin də yoxlanılmasına xüsusi diqqət yetirilməlidir.