Israil Hərbi Hava Qüvvələri İranın Dəməşqdəki konsulluq binasına zərbə endirib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.

İranın Dəməşqdəki konsulluq binası İsrailin hava zərbələri nəticəsində dağılıb.

İranın Suriyadakı səfiri Hüseyn Əkbəri bildirib ki, İsrail Colan yüksəkliklərindən “F-35” qırıcılarından atılan 6 raketlə İran konsulluğunun binasını hədəfə alıb. Onun sözlərinə görə,  neçə iranlı diplomat və hərbi müşavir həlak olub, adları daha sonra açıqlanacaq: ” Hələlik dağıntıların tam təmizlənməsi aparılmayıb və 5-7 nəfərin öldüyünü düşünürük. Dəqiq rəqəmlər daha sonra açıqlanacaq. İsrailin bu hərəkəti İranın qəti cavabı ilə nəticələnəcək”.

Diplomat qeyd edib ki,  hava zərbəsi nəticəsində iki polis də öldürülüb.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir Hüseyn Əmir Abdullahian suriyalı həmkarı ilə telefon danışığında deyib ki, İranın Dəməşqdəki səfirliyinin konsulluq binasına edilən hücuma görə bütün məsuliyyət İsrailin üzərinə düşür.

İranın dövlət televiziya kanalı “Press TV”nin məlumatına görə, hücum nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Məhəmməd Rza Zahidi və onun müavini həlak olub. Zahedi 2007-ci ildə Tehranın nüvə proqramı ilə bağlı BMT Təhlükəsizlik Şurasının sanksiyalar tətbiq etdiyi şəxslər siyahısındadır. Zahedi 2005-2008-ci illərdə İran İnqilabı Keşikçiləri Korpusunun quru qüvvələrinin komandanı, 2008-2016-cı illərdə isə Əl-Qüds qüvvələrinin Livan və Suriyadakı bölmələrinə komandanlıq edib.

***

saat 18.55

İsrail İranın Suriyadakı konsulluq binasına və İran səfirinin iqamətgahına hava zərbəsi endirib.

Heftelik.az-ın məlumatına görə, bu barədə İran mediası məlumat yayıb.

“Tasnim”in məlumatına görə isə İsrail Dəməşqdə İran səfirliyinin yaxınlığındakı binaya hava zərbəsi endirib.

Bəzi mənbələr hücumda 6 nəfərin öldüyünü bildirir.

Hələlik rəsmi məlumat verilməyib.