Yevlax Şəhər Heydər Əliyev Mərkəzində Şəhər İcra Hakimiyyəti tərəfindən “Heydər Əliyev: Əbədiyaşar Lider-Dahi Şəxsiyyət” mövzusunda keçirilən tədbirdə Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailəsinin nümayəndələri, Vətən müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Heftelik.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə tədbir açıq elan olunub.

Müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın maraqları naminə olan misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, Ümummilli Liderin bioqrafiyası birmənalı şəkildə Azərbaycan tarixinin ayrılmaz tərkib hissəsi, bütövlükdə Azərbaycanın tərcümeyi-halı, şərəf salnaməsidir. Ölkəmizin bütün uğurlarında, zəfərlərində, tərəqqisində Ulu Öndər Heydər Əliyevin imzası, müəllifliyi görünür. Ulu Öndər Azərbaycana iki dəfə rəhbərlik edib. Hər iki dövrdə Ulu Öndərimiz Xilaskarlıq missiyası yerinə yetirib, ölkəmizi acınacaqlı durumdan, səfalətdən, çətin vəziyyətdən qurtarıb, Azərbaycana inkişaf, yüksəliş, rifah bəxş edib.Həm sovetlər, həm də müstəqillik dövründə Dahi şəxsiyyətin bütün fəaliyyəti milli inkişafa, canından artıq sevdiyi xalqının qüdrətlənməsinə, nüfuzunun yüksəlməsinə həsr olunub. O, hər zaman bu müqəddəs amalın reallığa çevrilməsi üçün çalışmışdır. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Ulu Öndərin digər şah əsəri isə həm onun yaratdığı əvəzsiz dövlətçilik məktəbi, mükəmməl siyasi irsi, həm də bu məktəbi, bu irsi daha böyük zəfərlərlə zənginləşdirib, daha da gücləndirən Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev şəxsiyyətidir. Heydər Əliyevin xaosdan tərəqiyyə yüksəltdiyi Azərbaycanı Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tarixin ən qüdrətli dövrünə çatdırmışdır. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin peşəkar rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və hərtərəfli inkişafı tam şəkildə təmin olunub. Şəhər İcra Hakimiyyətinin Başçısı bildirib ki, bu gün ən şərəfli niyyətimiz dahi Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycana və onun özü qədər inandığı Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə sədaqətlə bağlılığımız, layiqincə xidmətimizdir.

Tədbirdə çıxış edənlər Milli Məclisinin deputatı İlham Məmmədov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Yevlax sektorunun müdiri Samir Kərimov vurğulayıblar ki, bu gün Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədiyyətədək yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycan onun layiqli davamçısı – dövlət başçısı cənab İlham Əliyevin ali rəhbərliyi altında bundan sonra daha da inkişaf edəcək, müəyyənləşdirdiyi strateji hədəflərə uğurla çatacaqdır.

Tədbir çərçivəsində Yevlax rayonunun ictimai-siyasi həyatındakı səmərəli fəaliyyətinə və Ulu Öndərin müdrik siyasi irsinin layiqincə təbliğ olunmasında xidmətlərinə görə  “Heydər Əliyevin 100 illiyi (1923-2023)” medalı ilə təltif olunmuş bir qrup şəxsə medallar və  44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadət göstərmiş bir qrup Vətən müharibəsi iştirakçısına “Müharibə veteranı” vəsiqələri təqdim olunmuşdur.

Sonda tədbir iştirakçıları Yevlax şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin mənalı həyatını və dövlətçilik fəaliyyətini əks etdirən fotostendlərə baxış keçiriblər.