Məzahir Pənahov Maldivə gedir

19 Aprel 2024, 11:54

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti 2024-cü il aprelin 21-də Maldiv Respublikasında keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədilə paytaxt Male şəhərinə səfərə yola düşüb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən Heftelik.az-a verilən xəbərə görə, Mərkəzi Seçki Komissiyası nümayəndə heyətinin sözügedən seçkilərdə beynəlxalq müşahidəçi qismində iştirakı Maldiv Respublikası Seçki Komissiyası sədrinin dəvətinə əsasən reallaşdırılır.

Səfər zamanı Mərkəzi Seçki Komissiyasının nümayəndələri parlament seçkilərinə hazırlıqlarla tanış olacaq və səsvermə məntəqələrində seçki günü prosedurlarını müşahidə edəcəklər.

Səfər çərçivəsində sədr Məzahir Pənahovun Maldiv Respublikası Seçki Komissiyasının sədri Fuvad Tovfeek, habelə seçkilərin müşahidəsinə qatılan təşkilatların və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə görüşlər keçirməsi, qurumlararası əməkdaşlıq imkanları, əlaqələrin dərinləşdirilməsinin inkişaf perspektivləri və qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı müzakirələr aparması da nəzərdə tutulur.