Bazar qiyməti müəyyənləşdirilərkən, Vergi Məcəlləsində müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Vergi Məcəlləsində əksini tapıb.

Malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən aşağıdakı amillər nəzərə alınır:

–  göndərilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) həcmi (əmtəə partiyasının həcmi);

– öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri;

– mallara (işlərə, xidmətlərə) tələb və təklifin dəyişməsi, (o cümlədən istehlakçı tələbinin mövsümi olaraq artıb-azalması);

– malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer;

– malların (işlərin, xidmətlərin) göndərilmə şərtləri;

– malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi;

– marketinq siyasətinin aparılması ilə əlaqədar olaraq analoqu olmayan yeni malların (işlərin, xidmətlərin) bazara çıxarılması, yaxud malların (işlərin, xidmətlərin) yeni bazara çıxarılması, istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi;

– işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən digər şərtlər nəzərə alınır.