Martın 1-də saat 18 radələrində Sumqayıt şəhəri ərazisində 1981-ci il təvəllüdlü Nicat Salahovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan Heftelik.az-a verilən məlumata görə, ataşdırma zamanı 1976-cı il təvəllüdlü Ceyhun Rzayevin ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla qaynı Nicat Salahova xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra kimyəvi məhlul içərək özünü öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Ceyhun Rzayev saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bu gün – aprelin 26-da cinayət törətməkdə şübhəli bilinən Rzayev Ceyhun Alxan oğlu müalicə olunduğu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində ölüb.

 

 

Qeyd edək ki,  arvadını boşayan Ceyhun Rzayev həmin gün – martın 1-də  qaynını məsələni ayırd etmək üçün evlərinin yanına çağırıb və münaqişə zəminində onu qətlə yetirib.

Ceyhun Rzayev bunun ardınca böyük həcmdə sirkə turşusu içərək intihara cəhd etmişdi.