Aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlayıb.

Baş Prokurorluqdan Heftelik.az-a verilən məlumata görə, mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda araşdırma aparılır.

TƏBİB-dən bildirilib ki, Qazaxda Ermənistanla təmas xətti olmuş ərazidə mina partlayışı zamanı xəsarət alan 2004-cü il təvəllüdlü şəxs aprelin 29-da saat 10:10 radələrində Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib. Gətirilən zaman vəziyyəti-ağır, huşu aydın, sol ayağının pəncəsinin travmatik amputasiyası, yara yerinin arterial qanaxması, yara yeri çirkli olub. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.