Mayın 2-də saat 15 radələrində Ağcabədi rayonunun Sarıcalı kəndi ərazisində 1991-ci il təvəllüdlü Məhərrəmova Nəzmiyyə Vitalif qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Heftelik.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qohumu (qaynı) 1992-ci il təvəllüdlü Məhərrəmov Elgiz Sərhad oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Ağcabədi rayon prokurorluğunun yaydığı məlumatda bildirilib ki,  mayın 2-də Ağcabədi rayon sakini 1990-cı il təvəllüdlü Nəzmiyyə Məhərrəmovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1992-ci il təvəllüdlü Elgiz Məhərrəmovun rayonun Sarıcalı kəndi ərazisində yerləşən fərdi yaşayış evində Nəzmiyyə Məhərrəmovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Elgiz Məhərrəmov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.