Mayın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı marafonu 2024” keçirilib.

Heftelik.az-ın məlumatına görə, “Küləyə qalib gəl” şüarı ilə keçirilən yarışa 18 mindən çox iştirakçı qatılıb.

Budəfəki marafonda qadınlar arasında ukraynalı iştirakçı Nataliya Semenoviç birinci olub. Xatırladaq ki, Nataliya Semenoviç “Bakı marafonu-2023”ün də qalibi idi.

Azərbaycan təmsilçisi Anna Yusupova marafonu ikinci, qazaxıstanlı Nelli Qaitova üçüncü pillədə başa vurublar.

Kişilərin mübarizəsində türkiyəli Ahmet Alkanoğlu finişə hamıdan tez çatıb. İkinci yeri ukraynalı Boqdan Semenoviç, üçüncü yeri uqandalı İsmail Senyange tutublar.

İlk üç yerin sahiblərinə müvafiq olaraq, 3000, 2000 və 1000 manat pul mükafatları, medal və diplomlar təqdim edilib.

Artıq 7-ci dəfədir təşkil olunan Bakı marafonu insanları böyük coşqu ilə ətrafına toplayır.

Qeyd edək ki, 2016-cı ildən 21 kilometr məsafədə təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır. Hər il iştirakçıların sayının artması yarışa marağın göstəricisidir. Xüsusi qayğıya ehtiyacı olan şəxslər builki marafonda da iştirak ediblər.

Yarış zonasında marafonu dəstəkləyənlər üçün isə əyləncə dolu “fan zona” – musiqi, DJ-lər, əyləncə proqramları təşkil edilib.

Yarışın start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olub. Marafonun marşrutu Dənizkənarı Bulvarı, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edib.

Qeyd edək ki, marafonun əhatə etdiyi marşrut boyu DJ-lər, könüllülərdən ibarət əyləncə komandaları marafonçuları qarşılayıb, xüsusi könüllü qrupları iştirakçıların marşrut boyu istiqamətləndirməsinə kömək edib. 21 kilometrlik yolda maskotlar, su, nəqliyyat və tibb məntəqələri də təşkil olunub.

“Bakı Marafonu 2024”ün eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirir.

Marafon Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, SOCAR, Dənizkənarı Bulvar İdarəsi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB), Azərlotereya ASC, Skechers, GAC Motors, Push30, Badamlı, Liv Bona Dea Hospital, “Carlsberg Group” un dəstəyi ilə təşkil olunub.

Marafonun əyləncə zonasının təşkilinə Xəzər Media Mərkəzi, o cümlədən, könüllü proqramının təşkilinə “ASAN Könüllüləri” dəstək göstərib.