Puçdemonu tutmaq istəyirlər

08 Avqust 2024, 14:04

Həbs edilməmək üçün İspaniyadan qaçdıqdan 7 il sonra Karles Puçdemon yenidən Barselonada, Kataloniya parlamenti qarşısında yüzlərlə tərəfdarının qarşısına çıxıb.

Heftelik.az-ın “Politico”ya istinadən verdiyi mılumata görə, separatçı hərəkatın lideri şəhərin Zəfər Tağının yanında səhnədə çıxış edib.

“Bizə zərər vermək üçün edilən bütün cəhdlərə baxmayaraq, mən bu gün onlara xatırlatmaq üçün gəldim.Biz hələ də buradayıq və təslim olmaq məcburiyyətində deyilik. Yaşasın Azad Kataloniya!”, – deyə o, çıxışında bildirib.

İspaniya polisi isə Kataloniya separatçılarının lideri Karles Puçdemonu ələ keçirmək məqsədilə Barselonanı mühasirəyə alıb.

Puçdemon qısa müddət ərzində şəhərdəki tərəfdarları qarşısında çıxış edib və sonra yoxa çıxıb.

2017-ci ildən İspaniya hakimiyyət orqanları tərəfindən axtarışda olan Puçdemonun səyahət etdiyi deyilən avtomobili axtaran zabitlər şəhərin çıxışlarında nəzarət-buraxılış məntəqələri qurublar.

Xatırladaq ki, 2017-ci ildə hakimiyyətin onun qeyri-qanuni müstəqillik referendumunu təşkil etdiyinə görə həbs edilməsinə göstəriş verdiyi vaxtdan bəri Puçdemon İspaniyanı tərk etmişdi. O, 2017-ci ildə İspaniyadan gizlicə sərhədi keçərək Brüsselin yaxınlığındakı Vaterloo şəhərində sığınacaq tapıb. Oradan 2019-cu ildə Avropa Parlamentinin üzvü seçilib. Bu illər ərzində İspaniyada onun həbsi ilə bağlı qərar qüvvədə qalıb.