Soçi şəhərində tanınmış iş adamı və kriminal avtoritet kimi tanınan Ruben Tatulyanın (“Robson”) əmlakı müsadirə edilib.
Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, Adler Rayon Məhkəməsi, Baş Prokurorluğun iddiasını təmin edərək, ümumi sahəsi 47 min kvadrat metr olan və dəyəri 3,9 milyard rubldan çox olan 130 daşınmaz əmlak obyektinin dövlətə verilməsi barədə qərar qəbul edib. Müsadirə edilən əmlaklar arasında “Plaza” ticarət-əyləncə mərkəzi də var.
Məhkəmə prosesi Tatulyanın əvvəlki məhkəmə qərarlarını yerinə yetirməməsi səbəbindən başlanıb. Baş Prokurorluq, “Volna” otel kompleksinin dövlət mülkiyyətinə keçirilməsini və kurort zonasındakı tikinti nəticəsində ətraf mühitə vurulan ziyana görə 9 milyard rubl məbləğində kompensasiya tələb edib.
Tatulyan, məhkəmədə maliyyə çətinlikləri səbəbindən tələb olunan məbləği ödəyə bilmədiyini iddia edib. Prokurorluq, Tatulyanın əmlakını müsadirədən qorumaq üçün onları nəzarətində olan hüquqi şəxslərin adına qeydiyyatdan keçirdiyini bildirib. Lakin bu tədbirlər nəticəsiz qalıb və bütün əmlaklar aşkar edilərək müsadirə olunub.
